"Türkiyə və ABŞ-ın bir başa iştirakı ilə Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra, Rusiyanın Suriyada Tartusdakı hərbi dəniz, Xmeymimdəki hərbi hava bazaları ölkədə mövcudluğunu davam etdirə bilər. Heç şübhəsiz ki, Bəşər Əsəd rejimini ayaq üstə saxlayan Rusiya və İranın hərbi qüvvələrinin ölkədən çıxarılması təbii görünür. Ancaq, regiondakı proseslər və mövcud geosiyasi vəziyyət fərqli qənaəti ortaya çıxarır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Dadaşov səsləndirib. O bildirib ki, Bəşər Əsədin Rusiya qaçırılması və onu aparan təyyarəsinin təhlükəsizliyinə Türkiyənin zamanəti ortadadır:
"Üstəlik, Türkiyə prezidenti cənab Ərdoğanın Qaziantepdə Rusiya prezidenti Vladimir Putin haqqında dedikləri və Rusiyanın Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra rus qoşunlarının təhlükəsizliyi və ölkədən çıxarılmasında Türkiyəyə xahişi deyilən sövdələşmənin mövcudluğuna inam artırır".
Vüqar Dadaşovun qənaətincə, Suriyada Rusiyanın hərbi mövcudluğunun davamı müqabilində, Zəngəzur dəhlizinin açılması və dəhlizin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin nəzarətində bufer zonanın yaradılması razılaşma predmetidir.
Anar Əliyev