"Yaxın Şərqdə Türkiyə orbitində yeni konfiqurasiyanın formalaşması artıq zərurətdir. Bunu əsaslandıran bir çox fakt mövcuddur".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, İran uzun müddət "Şiə hilalı" ideologiyası əsasında İraq, Suriya, Livan və regionun bir çox nöqtəsində öz maraqlarını təmin etməyə çalışdı:
"Onlar bunu daha çox proksi güclər dediyimiz qruplaşmalar hesabına reallaşdırmağa fokuslandılar. Lakin, sözügedən proses İsrail-İran qarşıdurması kontekstində Təl-Əvivə bölgədə həyata keçirdiyi hərbi əməliyyatları legitimləşdirməyə əsas verdi. Mövcud vəziyyət bu gün də davam edir. Bu isə onu deməyə əsas verir ki, İranın Yaxın Şərqdə varlığı regiona siyasi istiqrasızlıqdan başqa heçnə gətirmədi".
Pərviz Mirizadə onu da deyib ki, Rusiya da Əsəd rejiminə dəstək adı altında İrandan fərqli siyasət həyata keçirmədi:
"Xüsusilə, onların hərbi kompaniyaları tarix boyu Suriya xalqının yaddaşından silinməyəcək. Ukrayna müharibəsində Qərblə açıq şəkildə mübarizə aparan Moskva, Suriya kontekstində Vaşinqtonla bir çox məsələ də ortaq mövqedən çıxış etdi. Ən əsası Türkiyəyə qarşı PYD, YPG qruplaşmalarının dəstəklənməsi Kreml və Ağ evin medalyonun iki fərqli üzü olduğu reallığını bir daha təsdiq etdi.
İsrail isə siyasi və hərbi fəallığını sadəcə bir ambisiya, torpaq iddiaları çərçivəsində reallaşdırır. Rəsmi Təl-Əvivin dini və siyasi baxışları regionun digər xalqaları üçün uzlaşmaz olduğu üçün onların liderliyində hər hansı bir nizamın qurulması arzuolunan nəticələr verməz.
Geriyə isə çoxəsrlik dövlətçilik ənənələri və tarixi bağları ilə qardaş Türkiyə qalır. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində AKP iqtidarının Suriya, Livan və Fələstin mövzularında irəli sürdüyü ədalətli yanaşmalar Ankaranın rolunu daha da aktuallaşdırır. Türkiyə regional lider kimi və ortaq milli-mənəvi dəyərlərlə bölgə üçün istiqrarlı gələcək vəd edən tək güc olduğunu sübut edir".
Süleyman