Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin plenar iclasında bir sıra qanun layihələri qəbul edilib

Milli Məclisin plenar iclasında bir sıra qanun layihələri qəbul edilib


Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olub.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, səfər çərçivəsində onun Türkiyə Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüş səfərin rəsmi protokoluna uyğun olaraq, spikerin dəvət edildiyi Türkiyə Elmlər Akademiyasının və Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun 2024-cü il üçün Elm mükafatlarının təqdimat mərasimində olub.

Milli Məclisin sədri bildirib ki, onun Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Numan Kurtulmuş ilə görüşündə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb. Müttəfiqliyin rəsmi ifadəsi və möhürü olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.

Spiker onunla söhbət zamanı qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Görüşdə əlaqələrin ən yüksək səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunvericilik orqanları arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində digər türk dövlətlərinin parlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz Türk dünyasının daha sıx birləşməsi məsələsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar.

Spiker çıxışında bildirib ki, həmin görüşdən sonra Milli Məclisin sədrinin Türkiyə Böyük Millət Məclisinin plenar iclas salonunda salamlanması mərasimi olub. Görüşün yekunu olaraq, Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri mətbuat üçün bəyanatla çıxış ediblər.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev parkını ziyarət edib və bir sıra digər tədbirlərdə də iştirak edib.

Spiker çıxışının sonunda Türkiyə Respublikasına rəsmi səfərin uğurlu keçdiyini qeyd edib və nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.

Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Şahin İsmayılov, deputatlar Azər Badamov, Mübariz Qurbanlı, Ceyhun Məmmədov, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Əli Məsimli, Tural Gəncəliyev, Elşən Musayev, Səyyad Salahlı çıxış ediblər.

Deputatlar Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin Türkiyəyə uğurlu rəsmi səfərindən danışıblar, bu səfərin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Millət vəkilləri ölkə Prezidenti İlham Əliyevin bu günlərdə Rusiya telekanalına verdiyi müsahibədə Azərbaycanın maraqlarını, ölkəmizin müstəqil siyasət həyata keçirdiyini dünya ictimaiyyətinə çatdırdığını, habelə Cənubi Qafqazla, Avropa ilə, ölkəmizə olan təhdidlərlə bağlı, gələcək sülh müqaviləsinə dair verdiyi açıqlamaların əhəmiyyətini vurğulayıblar.

Habelə İsveçrə Parlamentinin Aşağı Palatasında qəbul olunmuş anti-Azərbaycan qətnaməsindən sonra Avropa Parlamentində 19 dekabr tarixində qəbul olunmuş qətnamənin də əsasız və qərəzli olduğunu deyiblər, Milli Məclisin dərhal bu riyakar qətnaməyə münasibət bildirdiyini qeyd ediblər. Deputatlar reallıqları əks etdirməyən bu sənədi ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndiriblər. Bildirilib ki, erməni lobbisinin təsirinə düşən Qərb qüvvələrini narahat edən əsas məsələlər Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, müstəqil siyasət yürütməsi, COP29 kimi mühüm beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi etməsidir.

Çıxışlarda bu günlərdə Qahirədə keçirilmiş D8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanın bu mötəbər beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilməsinin əlamətdar hadisə olduğu vurğulanıb. Bildirilib ki, ölkəmiz bu quruma üzv olmaqla İslam həmrəyliyinin möhkəmlənməsinə, təşkilatın fəaliyyətinin güclənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək. Müsəlman dünyasının ən güclü dövlətlərinin birləşdiyi bu təşkilata Azərbaycanın üzvlüyünün ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin daha bir bariz nümunəsi olduğu xüsusi qeyd edilib.

Sonra parlamentin sədri gündəliyə 11 məsələnin daxil edildiyini və ilk məsələnin üçüncü oxunuşda təqdim olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların bəzi məsələlərlə bağlı öz qeydlərini səsləndirdiyini bildirib. Habelə, millət vəkillərinin qanunda enerji resurslarının satış məbləğində fonda ayrılması nəzərdə tutulan vəsaitlə bağlı dəqiqləşdirmələrin aparılmasını söylədiklərini, bununla əlaqədar qanunvericilik təşəbbüsü subyektinə müraciət edildiyini deyib. Komitə sədri bu məsələnin nəzərə alındığını və qanunda “enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait” ifadəsinin “enerji resurslarının satışından bu qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait” ifadəsi ilə əvəz olunduğunu qeyd edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin spikeri Sahibə Qafarova gündəliyin növbəti 8 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu, növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasətin həyata keçirilməsi üçün peşəkar diplomatik xidmət orqanı əməkdaşlarının fəaliyyətini tənzimləyən bu qanunun qəbulunun zəruriliyindən danışıb. Komitə sədri bu gün ölkəmizin dünyada nüfuzunun artdığını vurğulayaraq, Azərbaycanın gələcək xarici siyasətinin prioritetləri, Milli Məclislə Xarici İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıq, parlament diplomatiyasının genişləndirilməsi, parlamentin xarici təhdidlərə verdiyi layiqli cavabların vacibliyindən danışıb.

Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.

Komitə sədri sənədin ikinci oxunuşda müzakirəsi zamanı komitə iclasında bəzi təkliflərin səsləndirildiyini və layihədə bir düzəlişin edildiyini söyləyib. Qeyd edilib ki, qanunun 4.1-ci maddəsi ilə bağlı bu dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), diplomatik nümayəndəliklər və konsulluqlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyindəki ali təhsil müəssisəsi diplomatik xidmət orqanlarının vahid sistemini təşkil edir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini və rəhbərlik etdiyi komitənin rəyini bildirib. O, bu sənədin bu gün Azərbaycana qarşı aparılan çirkin kampaniyaya, əsassız ittihamlara layiqli cavab olduğunu deyib. Komitə sədri qanun layihəsinin geniş müzakirəsi üçün yaratdığı şəraitə görə spiker Sahibə Qafarovaya təşəkkürünü ifadə edib. Layihənin Azərbaycanın diplomatik xidməti üçün, uğurlu xarici siyasətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin tələblərindən irəli gəldiyini və uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Bildirilib ki, qanun layihəsinə əsasən, diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.

Sonra İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdikləri komitələrin bu sənəd barədə müsbət rəyini diqqətə çatdırıblar.

Təqdim edilən məsələlərlə bağlı müzakirələrdə Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Əli Hüseynli, Səməd Seyidov, deputatlar Azay Quliyev, Fariz İsmayılzadə, Zaur Şükürov, Rizvan Nəbiyev, Hikmət Məmmədov diplomatik xidmətlə bağlı yeni qanun layihəsinin vacibliyini qeyd ediblər, bəzi qeydlərini səsləndiriblər.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin birinci oxunuşda müzakirələri zamanı qaldırılan məsələlərə cavab verildiyini deyib. Bildirilib ki, bununla yanaşı, parlament sədrinin tapşırığına uyğun olaraq, layihə ilə bağlı komitə üzvləri, ekspertlər, dövlət xidmətinin məsul əməkdaşları tərəfindən sosial şəbəkələrdə, mediada və televiziya kanallarında hərtərəfli şərhlər verilib. Komitə sədri qeyd edib ki, layihə Ali Baş Komandan Prezident İlham Əliyevin göstərişinə əsasən hərbi sahədə aparılan islahatların mühüm bir hissəsini təşkil edir.

Qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu komitələrin layihəyə dair müsbət rəy verdiklərini söyləyiblər.

Sənədlə bağlı müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Elçin Mirzəbəyli, Aydın Hüseynov çıxış ediblər, öz fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur. Komitə sədri layihə ilə bağlı hər hansı təklifin olmadığını, əlavə dəyişikliyin edilmədiyini nəzərə alaraq, onun səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. O, birinci oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, aidiyyəti üzrə qaldırılan məsələlərlə bağlı işçi qaydada müzakirələrin aparıldığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə təklif edilən dəyişikliklər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəaların daha da təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən tənzimləmənin effektivliliyinin daha da artırılması məqsədilə hazırlanıb.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti məsələ - Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

Sənəddə təklif edilən dəyişikliklər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən tənzimləmədəki effektivliliyin daha da artırılması məqsədilə hazırlanıb. Layihəyə əsasən, uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək. Bundan başqa, bu komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini də həyata keçirəcəklər.

Bu məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov, hər iki layihə barədə isə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu komitələrin rəylərini diqqətə çatdırıblar.

Müzakirələr zamanı çıxış edən deputat Günay Ağamalı fikirlərini söylədikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin səkkizinci məsələsi - Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəd bir sıra qanunların qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb. Layihədə həmin qanunların pozulması ilə bağlı məsuliyyətlər və sanksiyalar nəzərdə tutulub.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O bildirib ki, qanun layihəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin dairəsi genişləndirilir.

Sənədin müzakirəsində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun qeydi dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin son iki məsələsi birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələridir və növbəti məsələ - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova təqdim edib.

Komitə sədri bildirib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq dövlət orqanları tərəfindən verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilmişdir. Təklif olunan qanun layihəsində bu təsdiqedici sənədi verən orqanlar sırasına Azərbaycan Respublikasının Baş Prokurorluğu da əlavə olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Komitə sədri Polad Bülbüloğlu diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır. Təklif olunan dəyişikliklərə əsasən, bu fəaliyyətdən əldə edilən vəsaitdən müvafiq orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun istifadə ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş