Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbə Təhsil Kredit Fondu sorğu və onlayn təlimlərin keçirilməsi zamanı nöqsanlara yol verib

Tələbə Təhsil Kredit Fondu sorğu və onlayn təlimlərin keçirilməsi zamanı nöqsanlara yol verib



Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Newscenter.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə edib və səmərəlilik (performans) auditi formasında keçirilib, kredit müraciətlərinin təmin olunmasının, eləcə də Fondun fəaliyyətinin təşkilinin nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80 milyon manat, 2022-ci ildə isə kreditləşmənin davam etdirilməsi üçün əlavə 22 milyon manat vəsait ayrılıb, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 milyon manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilib.

Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 milyon manat xərc edilmiş, bu xərclərin 1,8 milyon manatını əməyin ödənişi xərcləri olub. Yaranma tarixindən 31 may 2024-cü il tarixinə qədər Fonda 21 888 nəfər cəmi 45 688 kredit müraciəti edib, ondan 16 799 nəfər üzrə ümumi məbləği 33,1 milyon manat təşkil edən 36 063 kredit rəsmiləşdirilib, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilib. Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25 321, magistratura təhsil səviyyəsi üzrə 8 841, orta ixtisas təhsili səviyyəsi üzrə 1 622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilib, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanıb.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilib, kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmayıb.

Nazirlər Kabinetinin 24.07.2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda sosial təhsil tələbə kreditinin verilməsi şərtlərinin əsasən sosial rifah göstəricilərinə deyil (ünvanlı sosial yardım istisna olmaqla), kateqoriya xarakterli yanaşmaya əsaslanılması nəticəsində Fondun fəaliyyəti müəyyən edilmiş məqsədlərə tam uyğun olmayıb. Kateqoriyalı yanaşmanın tətbiqi ilə yanaşı standart TTK ilə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) daha aşağı müəyyənləşdirilməsi sosial kredit istifadəçilərinin zəif təhsil göstəriciləri nümayiş etdirmələrinə imkan yaradan kreditləşmə sisteminin qurulması ilə nəticələnib. Beləliklə də, Fondun TTK-nin verilməsi ilə bağlı yanaşması əsasən sosial cəhətdən riskli qruplara hədəflənib, həmin qruplara aid tələbələrin təhsil haqlarını vaxtında ödəmələrinə şərait yaratmaqla təhsillərini başa çatdırmaları məqsədini daşıyıb.

Fondun nəzarət imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda TTK-dən yararlanan tələbənin faktiki ÜOMG-si Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olub, beləliklə də, 71 baldan aşağı göstəriciyə malik tələbəyə, Qaydaların tələbi pozularaq standart TTK verilib. Bu, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərib.

Kredit üçün müvəkkil banka müraciət mərhələsində nəzərdə tutulmuş yanaşma təcrübədə tətbiq edilən yanaşmadan fərqlənib, başqa sözlə, təcrübədə tələb olunan sənədlər tələbə tərəfindən banka təqdim edilmədən elektron qaydada təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Elektron Təhsil Tələbə Krediti” informasiya sistemində (Portal) təsdiqindən sonra kredit müraciəti banka yönləndirilib, bəzi hallarda Portaldan çıxarışlarda TTK-nın təhsil müəssisəsi tərəfindən təsdiq edilmədən banka göndərildiyinə dair məlumatlar əks olunub, eləcə də Fond tərəfindən ləğv edilmiş bəzi kredit müraciətləri üzrə bank tərəfindən kredit rəsmiləşdirilməsi həyata keçirilib.

Ali təhsil müəssisələrinə qəbulun yalnız Dövlət İmtahan Mərkəzi vasitəsilə keçirilən imtahanlarla deyil, eləcə də Scholastic Aptitude/Assessment Test (SAT) nəticəsində də aparıldığını diqqətə alsaq, bu yanaşmanın nəzərə alınmaması SAT ilə qəbul həyata keçirən ali təhsil müəssisələrinə daxil olan tələblərinin birinci semestrdən standart TTK-dan yararlanmağı tam məhdudlaşdırıb.

"Fondun tələbələrin təhsilinə verə biləcəyi töhfə baxımından əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq edilən – tələbələrin təhsillə bağlı cari xərclərinin (dərslik, qidalanma, yataqxana, yol xərci və s.) ödənilməsi praktikası öyrənilməmiş və nəzərə alınmamış, həmçinin kreditlərdən yararlana biləcək şəxslərin yuxarı yaş həddinin müəyyən olunmaması nəticəsində auditlə əhatə olunan dövrdə 13 halda son qaytarılma tarixinə kredit götürən şəxsin yaşının 60 və daha artıq olmasına şərait yaradan kredit rəsmiləşdirilib ki, ondan 3-ü həmin tarixdə pensiya yaşında olacaqdır. Fondun maliyyə vəsaitlərinin istifadə səviyyəsini və tətbiq olunan sığorta mexanizmlərini diqqətə alsaq, kredit alanların yaşı ilə bağlı hər hansı bir məhdudiyyətin nəzərə alınması zərurəti olmasa da, ictimai faydalılığın formalaşdırılması və əmək bazarında iştirak müddəti baxımından yuxarıda göstərilən amillərlə birgə belə bir məhdudiyyətin müəyyənləşdirilməsinin gələcəkdə zəruri yanaşma kimi formalaşacağı qənaətindəyik", - deyə Palata bəyan edib.

Himayəçilik Şurası tərəfindən strateji məqsəd və planların, inkişaf istiqamətlərinin müəyyənləşdirilməməsi, həmçinin illik fəaliyyət planlarının təsdiq olunmaması Fondun funksional məqsədlərinin həyata keçirilməsinə nəzarət mexanizmlərinin tətbiqini məhdudlaşdırmaqla bu hədəflərə nail olunmasında risklərə yol açıb. Hədəflərlə bağlı kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiq edilməməsi tərtib olunan hesabatlar arasında uyğunsuzluqlarla yanaşı hədəf/nəticə uzlaşmasının qiymətləndirilməsində məhdudiyyətlərə səbəb olmuş, kreditlərin verilməsi planlaşdırılan tələbələrin say göstəricilərində uyğunsuzluqlar tələb olunan xərclərin planlaşdırılmasına təsir göstərən əsas faktoru formalaşdırmışdır.

Himayəçilik Şurası tərəfindən vəsaitlərin idarə olunması istiqamətində fəaliyyətin tam icra edilməməsi, o cümlədən kənar auditorun müəyyənləşdirilməsi üçün addımların atılmaması və müvəkkil bankın seçilməsinin bu Şura ilə razılaşdırılmaması hesabatlılıq və şəffaflıq prinsiplərinin tam tətbiqinə mane olub. Həmçinin müvəkkil bankın fəaliyyəti ilə bağlı hesabatlılığın artırılması məqsədilə Fond bir sıra addımlar atıb ki, bu da vəsaitin idarə olunmasına nəzarətlə bağlı müsbət amil kim dəyərləndirilir.

Nizamnamədə likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması ilə bağlı nəzərdə tutulmuş vəzifənin icra olunmaması maliyyə imkanlarının genişləndirilməsinə təsir göstərib.

Ayrı-ayrı mərhələlərin icrasına dair vaxt çərçivəsinin reqlamentləşdirilməməsi müraciətlərin təxminən 20 %-nə kreditin 1 aydan çox müddətdə verilməsi ilə nəticələnmiş, bu, əsasən ali təhsil müəssisələrinin və müvəkkil bankın məsul şəxslərinin fəaliyyəti ilə əlaqədar olub. Göstərilənlər məsuliyyət mexanizmlərinin işlənilməsinin və tətbiqinin əhəmiyyətini bir daha qeyd etmək imkanı verir.

Başqa istiqamətin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda TTK-nin verilməsinə sərf olunmuş məbləğ kimi əks etdirilməsi həmin məlumatlar əsasında qərar qəbul edən, təhlillər aparan və proqnozlar tərtib edən dövlət qurumlarının bu fəaliyyətinə mənfi təsir amillərini formalaşdırmaqla yanaşı hədəf/icra uyğunluğunun da qiymətləndirilməsinə şərait yaratmır.

Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondunun sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verdiyi nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınıb, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilməsi əks edilib.

Süleyman
Xəbəri paylaş