"AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Rusiyanın hava məkanında vurulması başdan-başa cinayət əməli olmaqla yanaşı, həm də Rusiyadakı “bespredel”in göstəricisidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, dəsmi istintaqın nəticələri hələ açılanmasa da görünən odur ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub:
"Hələ bu azmış kimi Rusiya ərazisində Qroznı, Mahaçqala, Mineralnıye Vodı hava limanlarına enişə belə icazə verilməyib. Bunun ardınca isə HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Məqsəd ortadadır. Təyyarənin vurulduğunu ört-basdır etmək üçün təyyarə Xəzər dənizi üzərinə yönləndirilib və dənizə düşərək izlərin itirilməsi planlaşdırılıb. Yəni başqa sözlə desək bir cinayətin izini itirmək üçün növbəti cinayət əməlinə əl atılıb".
Politoloq deyib ki, “Bespredel”ə gəlikdə isə, hər şey ortadadır:
"Rusiya-Ukrayna savaşı Rusiyada, xüsusilə silahlı qüvvələrdə özbaşınalıq hallarını artırıb. Əsasən də Ramzan Kadırovun nəzarətində olan silahlı birləşmələrin əməlləri ortadadır. Kadırov isə bütün imkanları onların cinayət əməllərini ört-basdır etməyə cəhdlər edir.
Bütün xalqımız və eləcə də dünya ictimaiyyəti Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir. İlk növbədə də Çeçenistanın sahibi rolunda çıxış edən Kadırovun fəaliyyətinin araşdırılmasına ehtiyac var. Məlumdur ki, Çeçenistan ərazisində hər hansı silahlı birliklər özbaşına təyyarənin vurulması haqqında qərar qəbul edə bilməzdi. Etsələr belə, təyyarənin yaxın hava limanlarına enişinə icazə verilməməsi, rabitə sistemlərinin bloklanması, təyyarənin Xəzər üzərindən Aktauya yönləndirilməsi rəhbərliyin göstərişi olmadan icra edilə bilməzdi".
Yusif Bağırzadə hesab edir ki, Rusiya tərəfi həqiqətən də obyektiv mövqe ortaya qoymaq istəyirsə ilk növbədə bu suallara aydınlıq gətirməli və belə bir hadisədən dərhal sonra Kadırovun Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Həmzəti “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməsinə də münasibət bildirməlidir.
Süleyman