Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazırıq

Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazırıq


"İndi Rusiyanın özü də bir dövlət kimi artıq kontrolunu itirib. Azərbaycanın mülki təyyarəsinin onun ərazisində vurulması Rusiyanın beynəlxalq imicinə özünün vurduğu ən böyük zərbədir. Bunu üzr istəməklə də düzəldə bilməz".

Newscenter.az xəbər verir ki, bunları ictimai-siyasi fəal İlqar İlkin deyib. Onun sözlərinə görə, artıq bütün dünya Rusiyanın çaşqınlıq içərisində olduğunu gördü ki, müdafiə xətti asanlıqla pozula bilir:

"Hava hücumundan müdafiəni belə düzgün ola bilmir. Vurduğu təyyarədəki çarəsiz insanlara yardım etmək əvəzinə, onları bu insani yardımdan məhrum etməsini bütün dünya gördü. Bunu rus xalqı da görür hər halda.

Bu hal ola bilməz ki, böyük rus xalqında millət olaraq, məsuliyyət hissini gözardı edə, bu zalım və qaba davranışa görə öz dövlətinə haqq qazandıra. Bu durum rus xalqının vicdanına, ruh halına təsirsiz ötüşə bilməz. Çünki yardıma ehtiyacı olan insana əl uzatmamaq, onu hətta bilərəkdən ölümün ağuşuna atmaq heç ortaçağ insanının təfəkküründə də olmayıb bəlkə".

İlqar İlkin deyib ki, bu gün Rusiya çalışır ki, bu dəhşətli faciəni ört basdır etsin, uzaqbaşı Çeçenistan rəhbərliyinin səhv qərarı kimi təqdim etməyə də çalışılır:

"Ola bilər ki, Çeçenistan rəhbərliyi yanlışlıqla təyyarəmizi vurub, bunu anlayışla qəbul etmək olardı. Bu hadisə hansısa hərbiçinin səhv qərarı kimi də yozula bilərdi. Lakin vurulan təyyarənin sağ-salamat endirilməsinə icazə verməyən, ona humanitar insani yardım etməkdən boyun qaçıran heç kimsəyə, heç bir dövlətə haqq qazandıra bilmərik.
Rusiya iki yüz ildən çoxdur ki, bizim bir millət olaraq faciələrimizin əsas yaradıcısı, ssenaristi və icraçısı olub. Təqvimdəki bütün qara günlər, tariximizdəki acılı, məğlubiyyətli nə varsa son iki yüz ildə böyük əksəriyyəti Rusiyanın müəllifliyi ilə baş verib. Bunu heç zaman unutmadıq zatən.

Böyük imperiya ola bilir, gücümüz yetməyə bilir. Amma bilinməlidir ki, biz də bütün nifrətimizi, çarəsizliyimizi rus xalqının vicdanına yazmışıq.

İnanmıram ki, Rusiya ləyaqətli bir şəkildə törətdiyi bu hadisə üçün üzr istəsin. Bu da bizə qarşı onların törətdiyi faciələrdən biri olaraq, tarixə keçəcək.

Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazırıq. Bu da belə bilinə".

Anar Əliyev
Xəbəri paylaş