"Hadisə ilk ortaya çıxdığında Azərbaycan rəsmiləri gələn məlumatlardan böyük ölçüdə nə baş verdiyini öyrəniblər. Prezidentin Rusiya səfərini yarımçıq qoyub təcili geri dönməsi həm bu bilgiyə malik olduğumuzu göstərib, həm də baş verənlərə siyasi etiraz mahiyyəti daşıyıb. AZAL-ın eyni gün Qroznı və Mahaçqala səfərlərini dayandırması da təhlükəsizlik amili ilə yanaşı, həm də bu çərçivədə düşünülməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib. Onun fikrincə, Azərbaycan tərəfi başda təyyarənin vurulmasını "müharibə dövründə baş veren faciəvi hadisə" kimi görüb:
"Rusiyanın bu səhvi özünün qəbul edib, humanitar, siyasi, hüquqi və maddi məsuliyyəti qəbul etməsini gözləyib. Diqqət edin Rusiya tərəfi qəzanı quş dəstəsi, AZAL pis hava şərtləri ilə izah etsə, mətbuatda təyyarənin Rusiya tərəfindən vurulduğu xəbərləri yayılsa da prezident İlham Əliyev açıqlamasında dəqiq səbəbinin bilinmədiyini və bütün versiyalar üzrə ciddi araşdırma aparılacağını bəyan edərək rəsmi Moskvaya bu məsuliyyəti qəbul etmə imkanı təklif edib.
Amma Rusiya tərəfi üzərinə düşəni etmədi və hətta anlaşılan məsələnin üstünü mümkün mərtəbə örtmək üçün həm Azərbaycan, həm də Qazaxıstan nəzdində cəhdlər edib".
Nazim Cəfərsoy deyib ki, bu mənzərə qarşısında Azərbaycan tərəfi başda caliber.az, Euronews, Reuters və Anadolu agentliyi olmaq üzrə yerli və xarici mətbuat vasitəsilə məsələnin real mənzərəsini ortaya qoydu:
"Bugün Rusiyaya AZAL-ın digər səfərlərinin dayandırılması həm təhlükəsizlik, həm də Rusiyaya etiraz xarakteri daşıyır. Ramzan Kadırovun yardım istəyinin də rədd edilməsi Azərbaycan tərəfinin haqlı narazılıgının növbəti işarəsidir.
Fikrimcə Azərbaycan tərəfi təyyarənin vurulması ilə bağlı mövqeyində ısrarcı olacaq. Ölkədə Rusiyanın üzr istəməsi və təzminat ödəməsi çağırışları, eləcə də "beynəlxalq komissiya qurulması" kimi vurğular da bu qərarlı mövqeyimizin məntiqi davamıdır.
Rusiya tərəfi sonunda və məncə çox uzun çəkməyəcək bir zaman içində təyyarə qəzasındakı siyasi, hüquqi və maddi məsuliyyətini qəbul edəcək, Çeçenistan rəhbəri Ramzan Kadırov, Rusiya müdafiə nazirliyi və ola bilsin ki prezident Putin Azərbaycandan və ümumiyyətlə bütün ölənlərin ailələrindən üzr istəyəcək. Rusiya bu barədə cinayət işi açacaq və ailələrə təzminat ödəyəcək".
Anar Əliyev