Bu gün 50 milyon azərbaycanlının böyük birlik əzmi və coşqusu ilə qeyd etdiyi Milli Həmrəylik günüdür. Söhbət təbii ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündən gedir. Biz ən yeni tariximizin mühüm bayramlarından biri olan Həmrəylik Gününü artıq 4 ildir ki, qalib xalqın, qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Qalib xalqın həmrəylik ruhu məğlub və ya əsir xalqların həmrəylik birlik və həmrəylik səylərindən tam fərqli olur. Qalib xalqın hər bir fərdinin düşüncə və davranışlarında həmrəylik qürur və qalibiyyətin vəhdəti kimi təzahür edir. Bu mənada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün mütləq zərurətə və güclü mənəvi motivasiya mənbəyinə çevrilib.
Bu bayramın yaranma tarixçəsi əslində hər birimizə yaxşı bəllidir. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (keçmiş SSRİ-İran sərhədləri) dağıdılması ilə qoyulub. Mənfur imperiya siyasəti nəticəsində ikiyə bölünmüş Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri o taylı-bu taylı azərbaycanlılar tərəfindən sökülüb, aradan qaldırılıb. Beləliklə, böyük birliyimizin, həmrəyliyimizin təməli qoyulub.
1991-ci ilin 16 sentybrında Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının rəsmi birlik gününü təsis etməyin mənəvi, siyasi əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib və bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında xüsusi qərar qəbul edilib. Ulu Öndərin təşəbbüsü ilə rəsmi bayramlarımızdan birinə çevrilən və bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq 33 ildir ki, bizim hamımızı bir araya gətirən birlik-bərabərlik bayramı kimi qeyd edilir. Ulu Öndər Həmrəylik Gününü rəsmi bayram günü kimi təsis etməklə ikiyə bölünmüş xalqımızın siyasi birliyinə, ideoloji və mənəvi yaxınlaşmasına zəmin yaradıb. Bu gün dünyanın çeşidli ölkələrində yaşayan 50 milyondan çox soydaşımız üçün bu bayram mənəvi körpü rolunu oynayır. Onların arasında sıx əlaqələrin qurulmasında, birlik və həmrəylik hisslərinin gücləndirilməsində bu bayram həqiqətən də misilsiz rol oynayır.
Ötən 33 il ərzində Azərbaycan xalqı və dövləti bir çox tarixi hədəflərinə nail olub. Bu illər ərzində Azərbaycan regionun ən nüfuzlu lider dövlətinə çevrilib. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq başlayan və hər anı qəhrəmanlıqlarla dolu olan 44 günlük Vətən müharibəsi milli birliyimizin və həmrəyliyimizin zirvə nöqtəsi hesab olunur. Həmin günlərdə məhz xalq-iqtidar birliyi, Ordumuzun sarsılmaz döyüş əzmi və Ali Baş Komandanımızın yüksək siyasi-diplomatik aktivliyi, sərkərdəlik bacarıqları sayəsində milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfərə imza atdıq. 2023-cü ilin 19-20 sentyabrında isə Azərbaycan Ordusu ildırımsürətli lokal antiterror əməliyyatı həyata keçirməklə Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminin kökünü qazıdı. Elə həmin ilin oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli Dövlət Bayrağımızı ucaltmaqla suverenliyimizin tam bərpasına imza atdı. Bütün bunlar milli birliyimizi, həmrəyliyimizi daha da qüvvətləndirən tarixi əhəmiyyətli hadisələr idi.
2024-cü il isə ölkəmiz və xalqımız üçün ən hərəkətli və bərəkətli, sınaqlar və uğurlarla, gərginliklər və mübarizələrlə dolu bir il kimi tarixə keçdi. Bu il həm seçkilər ili kimi, həm Böyük Qayıdışın sürətləndiyi il kimi, həm də Yaşıl dünya naminə həmrəylik ili kimi yadda qaldı. Eyni zamanda, bu il Rusiya sülhməramlıları Qarabağımızı vaxtından əvvəl tam tərk etdilər. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasının başlanması da builki mühüm uğurlarımız sırasındadır. Son saatlarını yaşadığımız 2024-cü il ölkəmiz üçün həm də dünyanin ən mötəbər tədbirlərindən biri sayılan COP29-a uğurlu ev sahibliyi etməklə əlamətdar oldu. Bir sözlə, bu il bütün dünya Azərbaycandan danışdı, dostlarımız uğurlarımıza sevindi, düşmənlərimizin isə bir çox anti-Azərbaycan planları puç oldu. Eyni zamanda, Prezident İlham Əliyevin çevik diplomatiyası Fransa və ABŞ kimi supergüclərin ölkəmizə qarşı bütün təzyiqlərini dəf etməyə, neytrallaşdırmağa nail oldu. Azərbaycan 2024-cü ildə öz suverenliyini daha da möhkəmləndirdi. Azərbaycanın səyləri həmçinin bölgədə və dünyada sülhün, sabitliyin təmin olunmasına da mühüm töhfə verir. Ölkəmiz beynəlxalq arenada aktivliyini daha da artırmaqla qlobal həmrəyliyin formalaşmasında da mühüm rol oynayır.
Lakin əfsuslar olsun ki, ölkəmizin ədalətsizliklə üzləşməsi halları da davam edir. İlin lap son günlərində baş verən ağır təyyarə faciəsi millətimiz və dövlətimiz üçün məşum sınaqlardan biri olmaqla yanaşı, həm də ölkəmizə qarşı ədalətsizliyin təzahürü idi. 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Rusiyanın HHM sistemləri tərəfindən vurulması nəticəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hamımızı sarsıtdı. Bu dəhşətli qəza nəticəsində 38 nəfərin həlak olması geridə qoymaqda olduğumuz 2024-cü ilin ən acı hadisəsi oldu. Ancaq dövlət başçımız və xalqımız Həmrəylik Günü ərəfəsində baş verən bu ağır faciənin fonunda daha bir həmrəylik sınağından üzüağ çıxdı. Faciəyə çevik reaksiya verən dövlət başçımız ilk növbədə milli maraqlarımızı, xalqımızın mənafeyini hər şeydən üstün tutaraq təyyarəmizin vurulmasının Rusiya rəhbərliyi tərəfindən ört-basdır edilməsinin qarşısını aldı və cavabdeh tərəf kimi Rusiyanın qarşısında açıq tələblər irəli sürdü. Beynəlxalq təcrübəyə və insanlıq prinsiplərinə əsaslanan həmin tələblərə əsasən, Rusiya tərəfi öz günahını etiraf etməli, Azərbaycandan üzr istəməli, günahkarları cəzalandırmalı və həlak olan, xəsarət alan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə təzminat ödəməlidir. Bütün bunlar bu böyük faciənin ağır nəticələrinin tezliklə aradan qaldırılması və bu hadisənin günahkarlarının müəyyən olunub cəzalandırılması istiqamətində Azərbaycan Prezidentinin əzmini və iradəsini göstərdi.
Cənab Prezidentin bu haqlı tələbləri ictimaiyyət tərəfindən də birmənalı dəstəkləndi. Azərbaycan liderinin qətiyyətli mövqeyini görən Vladimir Putin proseslərin Rusiyanın əleyhinə işlədiyini hiss edərək, İlham Əliyevə zəng vurub üzrxahlıq etdi. Bu məqam Azərbaycan dövlətinin və onun liderinin real güc və nüfuz sahibi olduğunun əyani göstəricisi olmaqla yanaşı, həmçinin xalq-lider birliyinin də önəmini ortaya qoyur. Bu kontekstdə, Cənab Prezidentin "Biz birlikdə güclüyük" ifadəsi bir daha öz real təsdiqini tapmış olur. Qələbələr və bayramlar insanları ruhlandırdığı kimi, faciəli hadisələr və qəzalar da xalqı və dövləti daha da güclü edir və sıx birləşdiririr. Bu mənada təyyarə faciəsi xalqımızın həmrəylik ruhunu yenilədi. İnanırıq ki, bundan sonrakı bütün illər xalqımız üçün uğurlu, düşərli olacaq, acılarımız keçmişdə qalacaq.
Eyni zamanda, qarşılamağa hazırlaşdığımız yeni ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görüləcək işlər nəticəsində cəmiyyətimizdə həmrəylik ovqatı daha da güclənəcək və 2025-ci il bütövlükdə milli birlik və həmrəylik ilimizə çevriləcək. Həmçinin ümid edirik ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə həm bir-biriləri ilə, həm də Ana Vətənlə - Azərbaycan Respublikası ilə əlaqələrinin daha da gücləndirilməsi üçün səylərini artıracaqlar. Biz bir dövlət və xalq olaraq indi yeni hədəflər və yeni çağrışlarla üz-üzəyik. Ona görə də, bu gün hər bir azərbaycanlı milli birliyimizə köklənməlidir. Diaspor təşkilatlarımız həmrəyliyimizin lokomotivlərinə çevrilməlidirlər. Bəli, indi əsl həmrəylik vaxtıdır.
Mən fürsətdən istifadə edib həm Cənab Prezidenti, həm də bütün soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni (2025-ci) ilin gəlişi münasibətilə ürəkdən təbrik edir, hamıya möhkəm cansağlığı, uzun ömür, bol ruzi-bərəkət və işlərində uğurlar arzulayıram! Qoy, bu yeni ilimiz hamımız üçün xeyirli, uğurlu, düşərli olsun və bütün acılar keçmişdə qalsın! 2025-ci ildə dövlətimiz və xalqımızın yeni uğurlarına, qələbələrinə birlikdə şahidlik edək! Bayramınız mübarək, əziz həmvətənlər!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri