
"ABŞ administrasiyası İrana yeni sanksiyalar tətbiq edib. İranın neft satışına tətbiq edilən yeni sanksiyaların ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxaracağı mümkündür. İran rialının dollar qarşısında hər keçən gün dəyərdən düşməsi, əhalinin real alıcılıq qabiliyyətini aşağı salır. Ölkədə inflyasiyanın psixoloji həddi keçməsinə gətirib çıxarır".
Newscenter.az-ın xəbərinə görə, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ölkə iqtisadiyyatının tənəzzülün hakimiyyət daxilində siyasi qruplar arasında qarşıdurmaya yol açmasına gətirib çıxarması istisna deyil:
"Prezident M. Pezeşkian islahatçı qanadı təmsil etməsinə baxmayaraq, Qərblə dialoq baş tutmur. Çünki, SEPAH və mühafizəkar dairələr İranın xarici siyasətində sərt xətti davam etdirməklə, Qərblə normallaşmamın qarşısını alırlar. Məhz Qərblə danışıqlar üçün görəvləndirilən C. Zərifin işi çətinləşib.
İran sanksiyalara görə neftini Çin və Hindistana ixrac edirdi. Bunun da qarşısını D. Tramp yeni sanksiyalar tətbiq etməklə alır. Təkcə neft hasilatı deyil, İran dünyanın qaz yatağına malik ilk onluqda olmasına baxmayaraq qaz ixrac edə bilmir. Həmçinin texniki imkanları aşağı olduğu üçün əhalinin qazla təminatında əziyyət çəkir. Ölkədə enerji böhranının növbəti mərhələdə hakimiyyət böhranı ilə əvəzlənməsi gözlənilir. ABŞ sanksiyaları genişləndirsə, İran neft çıxarmasını dayandıra bilər. Çünki, neft satışından valyuta daxil olmasa, neftin çıxarılması baha başa gələcək".
Süleyman