Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bölgəmizi sülh və həmrəylik məkanı kimi tanıtmalıyıq

Bölgəmizi sülh və həmrəylik məkanı kimi tanıtmalıyıq


Rəsmi Bakının Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımaması gözlənilən addım idi. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı bəyanat yayması və prinsipial mövqe nümayiş etdirməsi təqdirəlayiq haldır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşıb. Ölkəmizin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü növbəti dəfə açıq şəkildə dəstəkləməsi də bir daha təsdiqləyir ki, beynəlxalq hüququn prinsiplərindən çıxış etmək bizim üçün həqiqətən də prioritet məsələdir.

Biz Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi qəbul etməklə bütün region ölkələri üçün müsbət nümunə yaradırıq. Bəli, Abxaziya Gürcüstanın bir parçasıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə öz həllini tapmalıdır. Separatçılıq həll yolu deyil və ümumiyyətlə, separatçılığın perspektivi yoxdur. İndi bölücülük yolunu tutmaqla onsuz da Abxaziyanı işıqlı gələcək gözləmir. Separatizmin girovuna çevrilmiş və işğal olunmuş Abxaziyada hər hansı "seçki"lərin keçirilməsi absurddur.

Ona görə də Suxumidə aksiya keçirənlər, süni surətdə iqtidar-müxalifət qarşıdurması yaradanlar reallıq hissinə qayıtmalı, bu cür süni siyasi oyunlardan əl çəkib Tbilisi ilə danışıqlara getməlidirlər. Onlar başa düşməlidirlər ki, dünya birliyi 15 fevral 2025-ci il tarixində Abxaziyada keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni və onun nəticələrini tanımır. Abxazlar vaxtilə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejim yaratmış erməni saeparatçılarının acınacaqlı aqibətindən nəticə çıxarmalıdırlar.

Erməni separatizminin təsirinə uyub Cənubi Qafqazda milli-etnik zəmində qarşıdurmalara getmək, münaqişə ocaqları yaratmaq ağılsızlıqdır. Ermənilərin separatizm mərəzi bəzi xalqlar üçün çox pis nümunə oldu. Lakin Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində Ermənistanın işğalına və erməni separatizminə son qoyması bütün separatçılara dərs olmalıdır. İstənilən separatizm cəhdləri iflasa məhkumdur. Cənubi Qafqazı münaqişə ocağına və separatizm yuvasına çevirmək olmaz. Bölgəmizi sülh və həmrəylik məkanı kimi tanıtmalıyıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş