
Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində İran Prezidenti Məsud Pezeşkianın bütün azərbaycanlıların ortaq mənəvi dəyərinə çevrilmiş Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirini səsləndirməsi sözsüz ki, təqdirəlayiq haldır. Lakin İranın ali dini liderinin nümayəndələrindən birinin Pezeşkiana yaxınlaşaraq, ona xəbərdarlıq etməsi və Pezeşkianın şeiri yarımçıq dayandırması isə İran İslam Respublikası adına rəzalətdir. Məhz Azərbaycan dilində şeir söylədiyinə görə prezidentin çıxışını yarımçıq kəsməyə məcbur etməklə molla rejimi növbəti dəfə özünün əsl simasını göstərmiş oldu.
Belə bir xoşagəlməz hadisənin baş verməsi, əslində, İranın ali dini rəhbərliyinin qeyri-fars xalqlara qarşı dözümsüz münasibətinin göstəricisidir. Panfarsçılıq molla rejiminin qeyri-rəsmi ideologiyasına çevrilib. Ona görə də hətta Prezident Məsud Pezeşkiana da öz ana dilində, Azərbaycan türkcəsində çıxış etmək bir yana qalsın, şeir söyləməyə də icazə verilmir. Hərçənd ki, M.Pezeşkian seçki kampaniyası zamanı çıxışlarında İranda yaşayan qeyri-fars xalqlara öz ana dillərindən istifadə etmək imkanın verilməsi üçün əlindən gələni edəcəyini dəfələrlə bəyan etmişdi. Lakin bu gün şahidi olduğumuz bu hadisə isə onu göstərdi ki, fars-molla rejimi hətta Pezeşkianın özünü də ana dilində danışmaq hüququndan məhrum edir.
Maraqlıdır, görəsən, Pezeşkian səhnədə çıxış edərkən bu cür pərt vəziyyətə salınması ilə barışacaqmı? Yoxsa, o, öz seçkiqabağı vədlərini yerinə yetirmək üçün axıra qədər dirəniş göstərəcək? Hazırda bu barədə qəti fikir söyləmək qeyri-mümkündür. Əlbəttə, şeirin yarımçıq kəsilməsi ilə imicinə ağır zərbə vurulan islahatçı prezidentin Xameneinin mühafizəkar-panfarsçı siyasətinə qarşı ciddi dirəniş göstərməsi elə də asan məsələ deyil. Üstəgəl, SEPAH da qətiyyətlə islahatlara qarşı çıxır, fars şovinizminin güclənməsinə dəstək verir. Lakin mollaların bu cür ifrat irqçi, şovinist siyasəti son nəticədə molla rejiminin iflasına səbəb olacaq. İrqçiliyin, nasizmin heç bir gələcəyi yoxdur. Bu mənada İranda 100 ildir davam edən panfarsçılıq da iflasa məhkumdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri