
11 fevral – Vergi xidməti işçilərinin peşə bayramı və müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyi, Xidmətin vəzifəli şəxsləri, veteran vergi işçiləri iştirak ediblər, daha 2100 nəfər vergi xidməti əməkdaşı görüşə onlayn formatda məsafədən qoşulub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin xatirəsi yad edilib. Tədbirdə Dövlət Vergi Xidmətinin Vətən müharibəsində iştirak edən əməkdaşlarına və şəhid ailələrinə ehtiram ifadə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti əməkdaşlarını 25 illik yubiley və peşə bayramı münasibətilə təbrik edib. Nazir insan resurslarının inkişaf istiqamətləri, qabaqcıl səriştələrə və innovativ biliklərə malik kadr ehtiyatının inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışıb.
DVX-nin rəisi Orxan Nəzərli insan resurslarından gözləntilər, Xidmətin 2025-2028-ci illər üzrə Strategiyası çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətləri ilə bağlı təqdimatla çıxış edib. Xidmət rəisi vergi orqanlarında önəm verilən dəyərlər barədə danışıb, yumşaq bacarıqların əhəmiyyətini vurğulayıb, motivasiya mühiti haqda fikirlərini bölüşüb.
Tədbirdə qüsursuz fəaliyyəti ilə seçilən və mükafatlara layiq görülən bir sıra vergi orqanı əməkdaşlarına “Fəxri vergi orqanı işçisi” adları, DVX-nin döş nişanları və Fəxri Fərmanlar təqdim olunub. Veteran vergi əməkdaşları da təltif ediliblər. Həmçinin vergi xidmətində çalışmış, öz təcrübələri ilə təşkilatın inkişafına dəyər qatan və hazırda mühüm dövlət vəzifələrində ölkəmizin inkişafı yolunda xidmətlərini davam etdirən bir sıra şəxslər DVX-nin Fəxri Fərmanı ilə təltif ediliblər.
Tədbir konsert proqramı ilə başa çatıb.
Süleyman