
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-i və 19-da Ağdam şəhərində, Xankəndi şəhərində, Əsgəran qala-kompleksində, habelə Xocalı rayonunun Ballıca kəndində aparılan bərpa-quruculuq işləri işləri ilə, fərdi evlərin və infrastrukturun bərpası sahəsində həyata keçirilən layihələrlə, yaşayış və otel kompleksləri ilə tanış olublar. Dövlət başçısı Ağdam Muğam Mərkəzinin inşası prosesi ilə yaxından maraqlanıb, Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bütün bunlar heç bir kənar dəstək olmadan, hansısa beynəlxalq qurumların maddi-texniki yardımları olmadan, sırf Azərbaycan dövlətinin öz gücü hesabına görülən işlərdir. Cənab Prezidentin Ballıca kəndinin sakinləri ilə görüşü zamanı vurğuladığı kimi biz "hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".
Dünyada hərcmərcliyin və qeyri-müəyyənliyin hökm sürdüyü, köklü geosiyasi dəyişikliklərin baş verdiyi, Suriya və Ukrayna kimi ölkələrin müharibə dağıntıları ilə baş-başa buraxıldığı bir məqamda, Azərbaycan özünün 30 illik işğal yaralarını sarımağa, erməni vandalizminin ağır nəticələrini aradan qaldırmağa, işğaldan azad edilmiş əraziləri yenidən qurmağa davam edir. Bu, Azərbaycan dövlətinin gücünün və Azərbaycan xalqının quruculuğunun təzahürüdür. Bu bizim ən yeni tariximizin qürur doğuran gerçəkliyidir.
Eyni zamanda, Böyük Qayıdış prosesi də uğurla davam etdirilir. Artıq 30 mindən çox keçmiş məcburi köçkün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan şəhər və kəndlərimizə geri dönüb, öz doğma yurdlarına qovuşub. Elə bu gün də növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salındı. Belə ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə (212 nəfər) köçürüldü. Onlar respublikamızın müxtəlif rayon və şəhərlərində məcburi köçkün həyatı ilə həmişəlik vidalaşaraq doğma yurd-yuvalarına qayıtdılar.
Onu da qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən insanlarımız da çoxdur. Ümumilikdə, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda hal-hazırda 40 minə yaxın insan yaşayır, bərpa-quruculuq işləri ilə məşğul olur. Prezident İlham Əliyevin Xocalı rayonunun Ballıca kəndinin bir qrup sakini ilə bugünkü görüşündə qeyd etdiyi kimi keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcək. Allah dövlətimizə və millətimizə qüvvət versin!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri