Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırkı proseslər Ermənistanın ziyanına işləyir

Hazırkı proseslər Ermənistanın ziyanına işləyir


Azərbaycan Prezidenti İlham Əliyev müsahibə və çıxışlarında Ermənistanın faşist dövlət olduğunu dəfələrlə vurğulayıb. Faşizm ideologiyası Cənubi Qafqazda daimi gərginlik mənbəyi olmaqla yanaşı, Azərbaycan xalqına qarşı dəhşətli vəhşiliklərlə, soyqırımları ilə nəticələnib. Bu ideologiya, eyni zamanda, erməni xalqının özünü də məhvə aparır. Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, "müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar".

Əfsuslar olsun ki, 30 ilə yaxın faşist ideologiyasının daşıyıcılarının (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) rəhbərlik etdiyi Ermənistanın siyasi çevrələrində bu gün də işğalçı-revanşist əhval-ruhiyyə hökm sürür. Biz sülh istəsək də, lakin bir yandan Paşinyan iqtidarı Ermənistanın sürətlə silahlanmasını davam etdirir (hansı ki, bu da öz növbəsində regionda yeni gərginliyə gətirib çıxara bilər), o biri tərəfdən isə müxalifətdəki revanşist qüvvələr (Köçəryan-Sərkisyan cütlüyünün törtöküntüləri, keçmiş "Qarabağ klanı" və erməni kilsəsi) yenidən aktivləşməyə başlayır.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra bütün ümidlərini Makron Fransasına və ABŞ-ın keçmiş Bayden administrasiyasına bağlayan Ermənistanın revanşist dairələri indi də Donald Trampın yeni kursuna "ümid çırağı" kimi baxmağa və ABŞ-Rusiya yaxınlaşmasının nəticələrinə ümid bəsləməyə başlayıblar. Onlar Rusiyanın dəstəyi ilə revanş götürəcəklərini və Qarabağı yenidən işğal edə biləcəklərini düşünürlər. Məsələn, Ermənistan parlamentinin “Daşnaksütyun” Partiyasından olan üzvü Artur Xaçatryan hesab edir ki, Qarabağ məsələsi hələ qapanmayıb. Bu daşnak deputat bildirib ki, dünyada və regionda baş verən proseslər Ermənistan üçün ümid qapılarının açılmasına doğru gedir.

Əlbəttə, bu kimi sərsəm fikirlər erməni revanşistlərinin, millətçi dairələrinin növbəti xam xəyallarından başqa bir şey deyil. Onların Vaşinqton-Moskva sövdələşmələrinə ümid edərək revanş götürmək cəhdləri bu dəfə bütövlükdə Ermənistanın özünün məhvi ilə nəticələnə bilər. Bu isə ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanı ciddi şəkildə düşündürməlidir. Çünki R.Köçəryanın rəhbərlik etdiyi revanşistlərin əsas hədəflərindən biri də məhz Paşinyanı hakimiyyətdən devirmək və Rusiyayönümlü xətti yenidən bərpa etməkdir. Ona görə də Paşinyan revanşistlərin fəallaşmasını gözləməməli, Azərbaycanın çağırışlarına və haqlı tələblərinə isti yanaşaraq tezliklə sülh müqaviləsini imzalamalıdır. Bu, Ermənistanı da, elə Paşinyanın özünü də labüd fiaskodan qoruya biləcək tək xilas yoludur.

Hazırkı proseslər zamanın Ermənistanın əleyhinə işlədiyini göstərir. Paşinyan Ermənistandakı faşist-revanşist qüvvələrinin neytrallaşdırılıb sıradan çıxarılmasını tezləşdirməlidir. Ən sonuncu variant kimi isə, bu missiyanı da biz özümüz yerinə yetirməli olacağıq. Sözügedən müsahibəsində ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, “faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş