
Prezident İlham Əliyevin ADA Universitetində səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycanın bugünkü uğurları təsadüfi deyil, uzaqgörən və davamlı dövlət siyasətinin nəticəsidir. Ölkə başçısının qlobal baxış tərzi, regional və beynəlxalq məsələlərə praqmatik yanaşması, eyni zamanda daxili inkişaf strategiyasında xalqın rifahını prioritet kimi müəyyən etməsi bu gün Azərbaycanı sabaha doğru daha inamlı aparır.
Biz artıq təkcə bölgədə deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir dövlətik. Bu, hər şeydən öncə, liderin zamanın nəbzini düzgün tutması, gələcəyi öncədən görərək qərarlar qəbul etməsi ilə bağlıdır. Prezidentin ADA Universitetində çıxışı bir daha göstərdi ki, dövlət idarəçiliyi təsadüflərlə deyil, dəqiq hesablanmış addımlarla həyata keçirilir.
Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın atdığı hər bir addım regional sabitliyə, iqtisadi inkişafın sürətlənməsinə və xalqın rifah səviyyəsinin yüksəldilməsinə yönəlib. Bu siyasətin mərkəzində isə milli maraqlar dayanır – güclü dövlət, güclü ordu və güclü cəmiyyət prinsipi.
Bir vətəndaş, olaraq əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan öz tarixinin dönüş nöqtəsindədir. Dövlətin apardığı məqsədyönlü iqtisadi islahatlar, rəqəmsallaşma prosesləri, yaşıl enerji strategiyası və insan kapitalına qoyulan sərmayələr gələcək nəsillər üçün güclü təməl yaradır. Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı bu inkişafın əsas lokomotividir.
Azərbaycanın gələcəyi artıq bu gündən qurulur. Bu gələcək isə uzaqgörən liderlik, milli birlik və davamlı inkişaf üzərində inşa olunur.
Azər Yadigaroğlu, siyasi şərhçi