
Avropa İttifaqı (Aİ) Rusiyanın enerji mənbələrindən imtinaya dair yol xəritəsinin dərcini təxirə salıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiyadan yanacaq idxalını tamamilə dayandırmaq üçün lazım olan xüsusi tədbirləri özündə əks etdirən yol xəritəsinin dərcini təxirə salması ilk dəfə deyil. Əvvəlcə bu, fevralın sonunda dərc edilməli idi, lakin sonra nəşr tarixi mart ayına təxirə salındı. İndi bunun may ayında edilməsi planlaşdırılır.
“Financial Times”ın yazdığına görə, planın dərcinin ləngiməsi bir neçə səbəblə bağlıdır, o cümlədən Almaniya və Rusiyanı birləşdirən “Şimal axını” boru kəmərinin gələcəyi ilə bağlı müzakirələrlə əlaqədardır.
Avropa Komissiyasının yol xəritəsini təqdim etməyi gecikdirməsinin başqa bir səbəbi Rusiya boru kəməri qazını almağa davam edən iki Aİ ölkəsi olan Macarıstan və Slovakiyanın etirazıdır. Brüssel qorxur ki, iki ölkə yol xəritəsi tövsiyələrini həyata keçirmək üçün lazım olan Aİ qanunvericiliyinin qəbuluna mane ola bilər.
Mehman Mehdiyev