
Tehranda İran-Özbəkistan biznes forumu keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, biznes forumda iştirak etmək üçün Özbəkistan baş naziri Abdulla Aripovun rəhbərliyi ilə İrana çoxlu sayda iş adamı gedib.
Baş nazir Abdulla Aripov və İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Rza Orif bu gün Tehranda keçirilən Özbəkistan-İran Biznes Forumunun açılışında çıxış ediblər.
Qeyd olunub ki, bu cür tədbirlər ticarət-iqtisadi əlaqələrin dərinləşməsinə və yeni əməkdaşlıq sahələrinin açılmasına kömək edəcək.
Özbək baş nazir çıxışında tədbir iştirakçılarının diqqətini Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda biznes mühitinin yaxşılaşdırılması, xarici investorlar üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların nəticələrinə yönəldib.
Xüsusilə, ötən dövrdə ümumi daxili məhsulun iki dəfə artdığı, bu yaxınlarda Beynəlxalq Valyuta Fondu tərəfindən Özbəkistanın ÜDM-nin ilk dəfə olaraq 100 milyard dolları ötdüyü təsdiqləndiyi bildirilib. Qarşıdakı beş ildə bu rəqəmi 160 milyard dollara çatdırmaq qarşıya məqsəd qoyulub. 2025-ci ilin birinci rübünün sonuna olan məlumata görə, ölkənin iqtisadi artım tempi 6,8% təşkil edib.
Süleyman