
"Azərbaycan gənclərinə göstərilən diqqət və qayğının real nəticələri idman sahəsində də özünü göstərir. Gənc istedadlar beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək böyük nailiyyətlər qazanırlar.
Bu uğurlu nümunələrdən biri də milli komandamızın 11 yaşlı üzvü Əminə Əliyevadır. O, İtaliyanın Peruca şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil edərək kunq-fu üzrə dünya çempionatında dünya çempionu adını qazanıb. Əminənin bu uğuru təkcə onun şəxsi nailiyyəti deyil, həm də ölkəmizdə idmanın inkişafına, uşaqların və yeniyetmələrin idmana cəlb edilməsinə göstərilən diqqətin bariz göstəricisidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, Əminə Əliyevanın uğuru Azərbaycan idmanının parlaq gələcəyindən xəbər verir və gənc idmançılara ilham verir. Bu cür qələbələr gənc nəslin inkişafı üçün yaradılan şəraitin və dövlət siyasətinin nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir:
"Bu qələbə Azərbaycan idmançılarının əzmkarlığını və ölkəmizdə idmanın inkişafı üçün görülən məqsədyönlü işlərin real nəticələrini nümayiş etdirir. Bu cür uğurlar idmançılarımıza stimul verir, gələcək zəfərlərə yol açır. Bu münasibətlə bütün Azərbaycan xalqını, qəhrəman idmançılarımızı və ölkə başçımızı səmimi-qəlbdən təbrik edirik.
Hər bir gəncin uğuru – bizim uğurumuz, gələcəyimizin sağlam və keyfiyyətli əllərdə olacağına bir işarədir".
Süleyman