
"Dahi mütəfəkkirimiz Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatı ötən 150 il ərzində çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Tarixin ağır sınaqlarından üzüağ çıxan milli mətbuatımız bu gün Zərdabi ənənələrini şərəflə davam etdirərək dövlətə və dövlətçilyə sədaqətlə xidmət edir. Bizlər bu sədaqətli xidməti, dövlətə, dövlətçiliyə bağlılığın nümunəsini İkinci Qarabağ Müharibəsi zamanı aydın şəkildə gördük. Savaş günlərində mətbuat nümayəndələri də əlində qələm Ali Baş Komandanın əsgəri olaraq erməni təxribat maşınına qarşı uğurlu mübarizə apardı".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, bu gün Azərbaycan mətbuatı söz və məlumat azadlığı, fikir plüralizmi baxımından dünyaya nümunədir. Bu prinsiplərin təmin edilmıəsi, onun daha da inkişaf etdirilməsi üçün dövlətin, şəxsən dövlət başçısının mətbuata, bu sahədə çalışan qələm əhlinə xüsusi diqqət və qayğı ilə yanaşdığını deyən İlham Məmmədov bildirib ki, KİV nümayəndələri üçün yaşayış binasının tikilərək onlara hədiyyə edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, mətbu orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə layihələrin həyata keçirilməsi deyilənlərin sübutudur:
"Dövlətin hər tərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan mediası da öz növbəsində bu etimadı doğruldur, işini müasir dövrün tələblərinə uyğun şəkildə quraraq dövlətə və dövlətçiliyə şərəflə xidmət edir".
İlham Məmmədov onu da diqqətə çatdırıb ki, Azərbaycan mediası inkişaf, tərəqqi dövrünə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra qədəm qoyub:
"Ulu öndərin mətbuata dəstək siyasəti bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir".
Süleyman