
Qazaxıstan polisi bir ay ərzində axtarışda olan 67 nəfəri saxlayıb.
Newscenter.az Polisia.kz portalına istinadən xəbər verir ki, onların arasında ağır cinayətlər törətmiş əcnəbilər də var.
Beynəlxalq axtarışda olan Çin vətəndaşı bir müddət əvvəl Almatı hava limanında saxlanılıb. O, ötən ilin dekabrında Bəhreyn Krallığında fərdi evə qanunsuz daxil olub və 535 629 ABŞ dolları (təxminən 300 milyon tenge) dəyərində qızıl-zinət əşyaları kolleksiyasını oğurlayıb.
Bəhreyndən qaçmağa müvəffəq olmuş çinli barəsində beynəlxalq axtarış elan edilib. Onun barəsində Qazaxıstanın hüquq-mühafizə orqanlarına təcili məlumat daxil olub.
Bundan başqa, Qazaxıstan Daxili İşlər Nazirliyinin sorğusu əsasında Türkiyədə 40 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. O, 2017-ci ilin sentyabrında Almatıda cinayətkar qrupun tərkibində donor orqanının qanunsuz götürülməsi və satışında iştirak edib.
Hazırda ibtidai istintaq tədbirlərinə başlanılıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində cinayəti törədən şəxslərin ekstradisiyası məsələsi üzərində iş aparılır.
Süleyman