
"Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində aparıcı şirkət rəhbərləri ilə keçirilən görüşlər Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə töhvə verəcək. Yeni dövrün yeni hədəflərindən biri də məhz qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlbidir. Bu kontekstdən, aparıcı dövlətlərin şirkətləri ilə aparılan müzakirələr neftdən kənar sektorlar üçün yeni sərmayə imkanları deməkdir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Prezidentin keçirdiyi görüşlərdə də müzakirə olunan məsələlər sırasında Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və digər həm Azərbaycan, həm də region üçün mühüm məqamlar xüsusi yer tutur:
"Gözlənilir ki, Prezidentin keçirdiyi görüşlər nəticəsində xüsusən qeyri-neft sektoruna daha çox sərmayə qoyuluşuna şərait yaranacaq. Bu isə ilk növbədə “yaşıl enerji” sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan Çinlə məhz bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək niyyətindədir".
Deputat hesab edir ki, son görüşlər və imzalanan anlaşmalar da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdı:
"Azərbaycan bir tərəfdən regionda, xüsusilə Cənubi Qafqazda “yaşıl enerji” sahəsinə böyük diqqət ayıran ölkədir. Digər tərəfdən, ölkəmiz 2030-cu ilədək “yaşıl enerji”nin ümumi enerji balansındakı payını 35 faizə çatdırmağı, karbon emissiyalarını isə 40 faiz azaltmağı hədəfləyir.
Bu baxımdan aparılan təhlillər göstərir ki, Çinlə “yaşıl enerji” sahəsində əməkdaşlıq bir tərəfdən istehsal gücünün artmasına şərait yaradacaq, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Gözlənilir ki, bu əməkdaşlıq nəticəsində uzun müddətdir planlaşdırılan və müzakirə olunan “yaşıl enerji” ixracının reallaşdırılması mümkün olacaq".
Süleyman