
"Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan, həmçinin dünyada sülhə və təhlükəsizliyə, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin qurulmasına üstünlük verən bir dövlət kimi tanınır. Eyni zamanda, ölkəmiz həm geosiyasi, həm də geoiqtisadi baxımdan dünyanın siyasi xəritəsində ən mühüm strateji əhəmiyyətli nöqtələrdən birində yerləşdiyinə və çoxvektorlu müstəqil xarici siyasət yürütdüyünə görə bu gün Azərbaycanla sıx müttəfiqlik münasibətləri qurmağa önəm verən ölkələrin sayı da durmadan artır. Belə ölkələrdən biri də İtaliyadır".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, Avropa İttifaqının (Aİ) və G7-nin aparıcı dövlətlərindən biri olan İtaliya bu gün Azərbaycanın Avropadakı əsas siyasi, iqtisadi və ticari tərəfdaşı sayılır:
"Azərbaycan və İtaliyanın münasibətləri artıq bir neçə ildir ki, strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq prinsipinə əsaslanır. Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə isə birinci yerdədir. Həmçinin təhsil, mədəniyyət sahələrində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Bu, o deməkdir ki, Azərbaycan və İtaliya artıq bir-biriləri üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da ölkəmizə baş tutan növbəti səfəri isə tərəfdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək. Azərbaycan İtaliya üçün bir çox istiqamətlər üzrə cəlbedici ölkə hesab olunur. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birlikdə mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi “bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”.
Komitə sədrinin sözlərinə görə, dövlətimzin başçısı onu da qeyd etdi ki, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm də həyatda, praktik işlərdə özünü büruzə verir:
"Bu mənada bir-birindən uzaqda yerləşən ölkələr arasındakı sıx dostluq və əməkdaşlıq münasibətlərinin qurulması Azərbaycan və İtaliyanın timsalında hamı üçün əsl örnək ola bilər. TAP layihəsinin və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün həm Azərbaycan ilə İtaliya, həm də Azərbaycan və Avropa İttifaqı arasında daha böyük layihələrin icrasına yol açır. TAP layihəsinin uğurla icra edilməsinə İtaliya Prezidenti cənab Sercio Mattarella vaxtilə sıx dəstək verib və 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya, eləcə də Avropanın digər ölkələrinə Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir. Bu ixracın əhatə dairəsi ildən-ilə daha da artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerə yüksəlib.
Prezident İlham Əliyev mətbuata bəyanatında italiyalı həmkarı S.Mattarellanın Azərbaycana 7 il öncəki birinci səfəri zamanı birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdiklərini xatırlatdı. Budəfəki səfər zamanı isə İtaliya-Azərbaycan Universitetinin açılışı tarixi hadisəyə çevrildi. Hər iki lider oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. Yeri gəlmişkən, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə məhz Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. İtaliya-Azərbaycan Universiteti binalarının təməli isə 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub".
AHK sədri deyib ki, universitetin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir hadisə kimi qiymətləndirdi:
"Dövlətimizin başçısı onu da qeyd etdi ki, "İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır".
Beləliklə, bundan sonra təhsil sahəsində də İtaliya Azərbaycan üçün bir nömrəli tərəfdaş olacaq. Artıq fəaliyyətə başlamış İtaliya-Azərbaycan Universitetində hazırda yüzlərlə tələbə oxuyur. Bu universitetdə böyük bir beynəlmiləl müəllim heyəti çalışır. Eyni zamanda, tələbələr arasında xaricilər də var. Prezident İlham Əliyev universitetin açılış nitqində burada oxuyan və məzun olacaq tələbələrin gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlarına inamını ifadə etdi və bildirdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq.
44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması və sözün tam mənasında Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsindən sonra bir çox dövlətlərin Azərbaycana olan marağı daha da artıb. Bu gün Azərbaycanla işgüzar dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına səy göstərən ölkələrin sıralarının getdikcə genişlənməsi də bunun əyani təsdiqidir. Azərbaycanla münasibərlərin genişlənməsinə marağı artan Avropa dövlətlərinin siyahısına İtaliyanın başçılıq etməsi isə ölkəmiz üçün əhəmiyyətli amildir. Hər iki ölkə - həm Azərbaycan, həm də İtaliya müttəfiqlik, strateji tərəfdaşlıq münasibətlərinə öz sadiqliklərini artıq çoxdan sübut ediblər".
Süleyman