
“Bakı ilə Roma arasında siyasi-iqtisadi, mədəni və humanitar sahələrdə çox yüksək əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq imkanları hər ötən gün daha da artır. Xüsusilə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verir və yeni əməkdaşlıq perspektivləri üzə çıxarır. Artıq demək olar ki, hər iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və ötən gün italiyalı həmkarı ilə görüşdə də Cənab Prezident İlham Əliyev bu məqamı xüsusi olaraq qeyd etdi. Bu mənada hesab edirəm ki, İtaliya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə mühüm töhfə verəcək”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, bu cür yüksək səviyyəli səfərlər bir sıra istiqamətlər üzrə əməkdaşlığın möhkəmlənməsinə, yeni layihələrin başlanmasına və qarşılıqlı maraqların reallaşdırılmasına şərait yaradır:
“İtaliya Prezidenti ilə Azərbaycan rəhbərliyi arasında keçirilən görüşlər iki ölkənin təkcə siyasi-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı üçün yeni imkanlar açmır, eyni zamanda Bakı ilə Romanın beynəlxalq platformalarda bir-birinə dəstəyini gücləndirir. Bu, həmçinin siyasi dialoqun yüksək səviyyədə davam etməsi qarşılıqlı inamı artırır və gələcək əməkdaşlıqlar üçün sağlam zəmin yaradır”.
Roma ilə iqtisadi sahədə əlaqələrə diqqət çəkən millət vəkili deyib ki, Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir:
“Xüsusilə Cənub Qaz Dəhlizi fonunda bu əməkdaşlıq daha da inkişaf edir.
Hesab edirəm ki, Azərbaycandakı əlverişli biznes mühiti italiyalı iş adamları üçün də olduqca maraqlıdır və italyan investorlarının Azərbaycana cəlb olunması ticarət dövriyyəsinin artmasına səbəb ola bilər. Ümumiyyətlə, İtaliya artıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və bu əlaqələr daha da dərinləşdirilə bilər”.
İlham Məmmədov onu da vurğulayıb ki, Azərbaycan və İtaliya regional sabitlik və beynəlxalq təhlükəsizlik məsələlərində oxşar mövqelər sərgiləyirlər:
“Bu səfər, belə məsələlər üzrə mövqelərin uzlaşdırılmasına və daha fəal əməkdaşlığa imkan yarada bilər. Ümumiyyətlə, İtaliya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlıq ruhunda aparılan əlaqələrin daha da inkişaf etməsinə təkan verir”.
Süleyman