Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yoldan pul çıxaran AYNA

Yoldan pul çıxaran AYNA


Oktyabrın 1-dən metro və avtobusda gediş haqqı 10 qəpik artırılaraq 60 qəpik oldu.
Qiymət artımı gözlənilən idi. Bir neçə ay əvvəl nəqliyyatda qiymətlərin qaldırılacağı ilə bağlı informasiya yayıldı.

Sosial şəbəkələrdə müzakirələr başladı, rəylər bildirildi. Hər gedişin 1 (bir) manat olacağını və ya məsafəyə uyğun olaraq hesablanacağı bildirilirdi.

Lakin sonradan Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kollegiyasının qərarı ilə 0.10 AZN məbləğində artım müəyyənləşdirildi.

Bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hər hansı sahədə qiymət dəyişikliyini həmişə Tarif Şurası elan edir. Lakin nədənsə keçən ildən nəqliyyat sahəsindəki qiymətlərin qaldırılmasını Tarif Şurası deyil, nazirlik bəyan edir.

Qərarda diqqəti çəkən bir məqam da var. Bildirilir ki, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyənləşdirilir.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Bu o deməkdir ki, köhnə avtobuslarda bir gediş üçün əvvəlki qayda ilə 50 qəpik hesablanacaq. Yaxşı olardı ki, nazirliyin qərarının bu hissəsi bir qədər dəqiq redaktədə verilərdi. Çünki qeyri-dəqiqlik sui-istifadə hallarına, sürücü-sərnişin qarşıdurmasına gətirib çıxarda bilər.

Bu məslənin tənzimlənməsi üçün nazirliyin qurumu olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə böyük iş düşür. Amma AYNA yerin üstünü altına, altını da üstünə çevirən Anar Rzayevin rəhbərliyi altında işləyəcəyi müddətdə xalqın rifahı üçün nəsə ediləcəyinə inamım çox azdır.

Bu məmur illərdi rəhbəri olduğu təşkilatı şəxsi əmlakı kimi istismar edir. Yükdaşıma fəaliyyəti göstərən şirkətlər Anar Rzayevin qaydalarına ram olmasalar, icazə almaqları müşkülə çevrilir. Bu sahə onun tərəfindən inhisara alınıb. Qohumlarının adına qeydiyyatdan keçirdiyi şirkətlər vasitəsilə yükləri daşıyıb külli miqdarda gəlir əldə edir.

Bu, Anar Rzayev və onun dəstəsinin hələ bir əməlidir. Mən hələ parkinq barədə, Qubada daş karxanası, müxtəlif yerlərdə iaşə obyektləri, Bakıda 60 mənzili, Novxanıda malikanəsi, Sədərək Ticarət Mərkəzində biznes əlaqələri haqqında geniş yazmıram. Elektron mediada kommersant oliqarxa Anar Rzayev haqqında kifayət qədər məlumat var. Yoldan pul çıxardan birinin düz yola gələcəyini gözləmək sadəlövhlük olar.

Sima Babayeva
Xəbəri paylaş