Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvan şəhərini kim idarə edir?

Şirvan şəhərini kim idarə edir?


Şirvan şəhər icra başçısının müavini Orxan İbrahimov təsərrüfat məsələlərinə nəzarət edir. Bu vəzifəyə 2020-ci ildən təyin olunub.

İşlədiyi 5 il ərzində şirvanlıları özündən narazı salmağı bacarıb. Orxan müəllim icra hakimiyyətlərində qanunsuz əməllərə görə həbs edilərək məhkum edilmiş sələflərinin aqibətini deyəsən tez unudub. Sakinlər yazıb şikayət edirlər.

Deyirlər ki, Orxan Əhmədağa oğlu İbrahimov Şirvan şəhərinin təsərrüfatını öz istəyinə uyğun idarə edir. İcra başçısı İlqar Abbasov da onun bir sözünü iki etmir. Çünki bütün işləri onun vasitəsilə “həll” edir.

Sahibkarlara ciddi maneələr yaradılır. Cənab Prezident iş yerlərinin yaradılması, xalqın rifahının yüksəldilməsi üçün hər zaman çıxışlarında iş adamlarına, sahibkarlara şəraitin yaradılmasının vacibliyindən, qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyindən danışır.

Əfsus ki, yerlərdə dövlət başçısının tapşırıqlarına zidd hərəkət edən məmurlar hələ də var. Ölkəmizin inkişafına mane olan belə şəxslərin vəzifədən sui-istifadə etmələriinə nə ad vermək olar?

Bu suala aidiyyatı dövlət orqanları yəqin gec-tez cavab verəcəklər. Amma hələki etdiklərini edirlər. Sahibkarlara qoyduqları “haqq” bir yana, iş o yerə çatıb ki, şəhid ailələrinə, qazilərə də hörmətsizlik edirlər.

Bu zümrədən olan insanlar bir iş görmək istəyən kimi Orxan İbrahimovun xəbərçiləri, qoçuları başlarının üstünü kəsdirib onların kiçik təsərrüfatlarını dağıdırlar. Axı Vətəni qoruyub torpaqlarımızı düşməndən geri almış bu adamlar niyə incidilir?
Müharibədən sonra şəhid ailələri, qazilər, müharibə veteranlarının qayğıları ilə məşğul olmaq üçün icra hakimiyyətlərində ayrıca şöbə yaradıldı. Deməli, bu şəxslərə xüsusi diqqət göstərilməlidir.

Amma cənab Orxan İbrahimov deyəsən bunu anlamır. Camaat öz evinin içində güzəranı üçün kiçik bir obyekt açanda da gəlib uçurdurlar. Kömək etmək əvəzinə hələ maneçilik də törədirlər.

Yedikləri, qazandıqları yəqin bəs etmir. Ancaq özlərinə lazım olanda qazi adından istifadə edirlər. Orxan müəllimin Şirvan şəhərində “Gəmi zavodu” deyilən ərazidə 13 hektar sahəni bir qazinin adı ilə özünküləşdirdiyi deyilir.

Atası Əhmədağa İbrahimov da deyəsən oğlundan heç də geri qalmır. Baş Şirvan Kollektoru İstismar İdarəsinin rəisi işləyən ata İbrahimov da övladı kimi torpaq zəbt etməyə maraqlıdı. O da Sabirabad rayonunda Kür çayı boyunca meşə salınması üçün nəzərdə tutulmuş xeyli sahəni ələ keçirdib, heç kimi də yaxına buraxmır. Əkin işləri gördürür.

Əlaqədar təşkilatlar da bu qanunsuzluğu görüb susurlar. Torpağın təyinatını özbaşına dəyişib öz bildiyini etdirir. Bildirilir ki, Orxan İbrahimov Şirvan şəhəri Heydər Əliyev prospektində 12 ədəd şam ağacını kökündən çıxartdırıb.

Məlum olub ki, orada Əhmədağa İbrahimovun obyekti var imiş, ağaclar da məkanının qarşısını kəsirmiş. Ona görə də İbrahimov cənablarının güdazına gediblər.
Bir sözlə, ata-oğul Şirvanı, Sabirabadı elə bil dədə malı kimi istifadə edirlər. Mövzunu diqqətdə saxlayıb əlavə araşdırma aparacayıq. Eyni zamanda qarşı tərəfin mövqeyini əks etdirməyə hazırıq.

Sima Babayeva
Xəbəri paylaş