
Türk Dövlətləri Təşkilatı dövlət başçılarının növbəti Zirvə görüşü oktyabr 7-də Azərbaycanın Qəbələ şəhərində keçiriləcək. Əsas mövzu “regional sülh və təhlükəsizlikdir”.
Sayca 12-ci Zirvə görüşündə üzv dövlətlərlə yanaşı, müşahidəçi statusunda olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin də iştirakı gözlənilir.
Son illər, xüsusilə 44 günlük müharibədən sonra TDT-nın fəaliyyətində ciddi irəliləyişlər, canlanma müşahidə olunur. Təşkilatın beynəlxalq subyektivliyi, nüfuzu artmaqdadır. Azərbaycanın dünya erməniliyi və onların güclü himayədarları üzərindəki möhtəşəm qələbəsi, Mərkəzi Asiyadan olan qardaşlarımızda özünəinam hissini artırmışdır. Türk xalqları arasında inteqrasiya prosesləri sürətlənmişdir.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Türk Dövlətləri Təşkilatı dövlət başçılarının Qəbələdə keçiriləcək növbəti Zirvə görüşünün pespektivlərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, TDT-na daxil olan ölkələrin coğrafiyası AvroAsiyanın böyük bir hissəni əhatə edir:
"Geniş təbii sərvətlərə, logistik imkanlara malik Türk coğrafiyası beynəlxalq birliyin diqqət mərkəzində olmaqla, geosiyasi güclərin rəqabət meydanıdır. Yeni Dünya nizamında, Türk dövlətlərinin iqtisadi inkişafı, rəqabət qabiliyyətli, təhlükəsizliyinin təmin olunması üçün birgə fəaliyyət göstərməsi zamanın tələbidir. Müzakirə olunası, kifayət qədər məsələlər var".
Nəsib Məhəməliyev qeyd edib ki, TDT-nın Zirvə toplantılarının, təkcə paytaxt şəhərlərdə deyil, üzv ölkələrin müxtəlif bölgələrində keçirilməsi, olduqca təqdirəlayiq haldır:
"Daha əvvəl Naxçıvanda, sonra Şuşada və indi Qəbələdə təşkil olunan görüşlər, ölkəmizin bölgələrinin tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir sammit, hər bir görüş, TDT qarşısında yeni vəzifələr qoyur, ölkələri bir-birinə daha da yaxınlaşdırır və inkişafa doğru atılmış addım deməkdir. Düşünürəm ki, Qəbələ Zirvə görüşü də, ümumi işə öz töhfəsini verəcəkdir".
Süleyman