
Azərbaycan və Türkiyə arasında elmi, mədəni və informasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu ilə Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşü zamanı söhbət aparılıb.
Hüseyn Hüseynov MEK-lə yaxından tanış olan qonağa kitabxananın tarixi inkişafı, zəngin fondları, oxucular üçün yaradılan müasir şərait və son illərdə həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O, kitabxana xidmətlərinin rəqəmsallaşdırılması, elektron bazaların genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ayhan Tuğlu isə rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, Türkiyədə kitabxana-informasiya işinin təşkili və tətbiq olunan yeni texnologiyalar barədə danışıb. O, Azərbaycan və Türkiyə kitabxanaları arasında birgə layihələrin, sərgilərin və elmi konfransların keçirilməsinin hər iki ölkənin mədəni əməkdaşlığına töhfə verəcəyini vurğulayıb.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.
Mehman Mehdiyev