Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sadıqovun 30 milyardlıq maliyyə mənimsəməsi

Sadıqovun 30 milyardlıq maliyyə mənimsəməsi


Rusiyada iddia olunur ki, azərbaycanlı iş adamı, “Ximki” futbol klubunun sabiq sahibi Tufan Sadiqov dövlət büdcəsindən on milyardlarla rubl mənimsəyib. Bir sıra rusiyalı Teleqram kanalları yazır ki, dövlət şirkəti “Rosavtodor” Sadiqovun rəhbərlik etdiyi podratçı şirkət vasitəsilə nəhəng büdcə vəsaitlərini “yuyub”.

Newscenter.az haqqın.az-a istinadən bildirir ki, Sadiqovun şirkəti “Xotkovskiy Avtomost” “Rosavtodor”dan bir sıra yol infrastruktur layihələrinin icrası üçün 26 milyard rubl məbləğində avans alıb. Lakin rus mediasının iddialarına görə, bu pullar təyinatı üzrə xərclənməyib, mənimsənilib. Digər mənbələr isə söhbətin 30 milyard rubldan çox vəsaitdən getdiyini bildirir.

2024-cü ilin sonunda Tufan Sadiqov “kiçik rüşvət” almaqda ittiham olunaraq saxlanılmışdı. Lakin sonradan 20 milyard rubl girov qarşılığında ev dustaqlığına buraxıldı. 2025-ci ilin yanvarında ev dustaqlığı ləğv olunsa da, Sadiqov barəsində istintaq hələ də davam edir. Son günlər rus mediası onun şirkəti ilə bağlı yeni maliyyə maxinasiyalarından yazır.

Sadiqovun yaxın adamı saxlanılıb

Bir neçə gün əvvəl “Xotkovskiy Avtomost” şirkətinin baş direktoru Vladimir Malozemov saxlanılıb. Onun Sadiqovun yaxın adamı olduğu bildirilir. Malozemovun rəhbərliyi dövründə şirkət “Rosavtodor”dan yeni iri müqavilələr alıb. Layihələrin coğrafiyası çox genişdir: Sergiyev-Posad rayonu, Mordoviya, Başqırdıstan, Yakutiya, Astraxan. Onların arasında M8 “Xolmoqori” magistral yolunun rekonstruksiyası və Buryatiyada Uda çayı üzərində körpü tikintisi də var.

Lakin milyardlarla rubl məbləğində verilən avanslar yolların kilometrlərinə çevrilməyib — layihələr yarımçıq qalıb, müqavilələr “tərəflərin razılığı ilə” ləğv edilib. Nəticədə — onlarla kilometr natamam yol və körpü, pozulmuş qrafiklər və boş smetalar.

“Rosavtodor” rəhbərinin oğlu da sxemdə olub?

Maraqlı fakt ondan ibarətdir ki, Sadiqovun şirkətində “Rosavtodor”un rəhbəri Roman Novikovun oğlu Nikolay Novikov da işləyib. İddialara görə, bu təsadüf deyil: ata-oğul Novikovlar Sadiqovla birlikdə korrupsiya sxemi qurublar. Büdcə pulları guya materialların alınması üçün subpodratçılara köçürülüb, amma əslində heç bir alış olmayıb — vəsaitlər yoxa çıxıb.

Rusiyalı jurnalistlərin fikrincə, Tufan Sadiqov son illərin bütün körpü layihələrində “qırmızı xətlə” keçən fiqurdur. 2020-ci ildə o, artıq “Xotkovskiy Avtomost”un faktiki idarəçisi kimi tanınırdı. Regional mətbuat onun təsiri və əlaqədar şirkətləri haqqında açıq şəkildə yazırdı.

Mesenat imici və futbol yatırımları

Eyni zamanda Sadiqov özünü müvəffəqiyyətli iş adamı və mesenat kimi təqdim edirdi. O, “Ximki” futbol klubuna sərmayə yatırır, mediada fəal təbliğat aparır, özünə “uğurlu investor” imici yaradırdı.

Həbsindən sonra Sadiqov “Ximki” klubunun səhmdarları sırasından çıxdı. Məlumata görə, o, Rusiyanı tərk edərək hazırda Türkiyədə yaşayır. Bir neçə ay əvvəl Sadiqov 4 milyon avro qarşılığında Türkiyənin Serik Belediyyespor klubunun 50 faiz səhmlərini alıb.

Tufan Sadiqov 1972-ci ildə Azərbaycanın Mirbəşir (indiki Goranboy) rayonunda anadan olub. Uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. O, həmçinin Türkiyədə sahibkarlıq fəaliyyəti göstərir və burada bir neçə otelə malikdir.
Xəbəri paylaş