Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Azərbaycan-Özbəkistan əməkdaşlığına dair konfrans keçirilib

Özbəkistanda Azərbaycan-Özbəkistan əməkdaşlığına dair konfrans keçirilib


 
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə “Özbəkistan-Azərbaycan: ədəbi əlaqələri və əməkdaşlığın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirib.
Tədbirdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib.

Newscenter.az xəbər verir ki, konfransı Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçehrə Rixsiyeva açaraq əməkdaşlığımızın tarixindən danışıb, son illərdə bütün sahələrdə olduğu kimi mədəni-humanitar istiqamətdə də əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb.   
Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Minhojiddin Mirzə Azərbaycan və Özbəkistanın yazıçılar qurumları arasında olan əməkdaşlıqdan, şair və yazıçılarımızın dostluğundan, ədəbi əlaqələrimizin tarixindan danışıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli konfransda çıxış edərək vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Onun sözlərinə görə, bu gün iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatması, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və siyasi iradənin bariz nəticəsidir. Məhz bu qarşılıqlı etimad və qardaşlıq münasibətləri nəticəsində iki ölkə arasındakı əməkdaşlıq bu gün bütün istiqamətlərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Akif Marifli çıxışı zamanı Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikri xatırladaraq bildirib: “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir.” Onun sözlərinə görə, bu fikir Türk dünyasının birliyini, ortaq dəyərlərini və gələcəyə yönəlmiş strateji hədəflərini ifadə edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və linqvistik ortaq kökləri: tarixi və müasir aspektlər” mövzusunda elmi məruzəsində Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi, siyasi və mədəni inkişaf dinamikasını çoxşaxəli şəkildə təhlil edib. O qeyd edib ki, hər iki xalqın müstəqillik əldə etməsindən sonra ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci prezidenti İslam Kərimov arasında formalaşmış səmimi dostluq və strateji əməkdaşlıq münasibətləri dövlətlərarası əlaqələrin dərinləşməsində mühüm rol oynamış, bu münasibətlər iki qardaş xalqın qarşılıqlı inkişafına ciddi təkan vermişdir.

Professor Hüseynovanın vurğuladığı kimi, həmin dövrdən etibarən Azərbaycan və Özbəkistan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr sistemli şəkildə genişlənmiş, bu proses bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasəti nəticəsində daha da strateji xarakter almışdır. Müasir dövrdə iki ölkə arasında qarşılıqlı mədəni və elmi inteqrasiya prosesləri regional sabitlik və türk dünyası birliyi kontekstində xüsusi əhəmiyyət kəsb edir. Mahirə Hüseynova həmçinin bildirib ki, klassik ədəbiyyatın qarşılıqlı təsiri, tərcümə ənənələrinin inkişafı, ortaq dil və mənəvi dəyərlərin qorunması hər iki xalqın milli kimliyinin möhkəmlənməsinə, eləcə də müasir elmi-humanitar əməkdaşlığın genişlənməsinə xidmət edir.
Sonra bir qrup özbək alimi, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, ADPU-nun müəllimi, filologiya elmləri doktoru, professor Könül Səmədova, Bakı Dövlət Universitetinin müəllimi, dosent Sevinc Ruintən, ölkəmizdən gələn digər alim, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva və başqaları ölkələrimiz arasında ədəbi əlaqələr, elm, mədəniyyət, ədəbiyyat sahələrində inteqrasiya proseslərindən danışıblar. 

Konfransa onlayn formatda Azərbaycandan qatılanlar da olub.

Süleyman
Xəbəri paylaş