
Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb.
Newscenter.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndidə Zəfərin 5 illiyinə həsr edilmiş Qarabağda "Mənəvi dəyərlər" mövzusunda keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
O, həmçinin diqqətə çatdırıb ki, işğal dövründə ermənilər təkcə İslam abidələrini deyil, həm də Qafqaz Albaniyasına məxsus xristian məbədlərini saxtalaşdıraraq, onları erməni abidələri kimi təqdim etməyə cəhd göstəriblər:
"Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb, hazırda onlardan bir iz belə qalmayıb. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər mədəniyyətinə qarşı bir təcavüzdür.
Belə abidələrdən biri də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədi olub. XIII əsrə aid bu alban monastırı XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi kimi fəaliyyət göstərib. İşğal dövründə abidənin memarlıq quruluşu, interyeri və yazıları ermənilər tərəfindən dəyişdirilib, alban yazıları silinib. Məqsəd isə tarixi saxtalaşdırmaq olub.
Bu gün işğaldan azad edilmiş ərazilərdə məscidlər, mədəniyyət mərkəzləri, kilsələr yenidən bərpa edilir".
Mehman Mehdiyev