
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı demək olar ki, elm adamları qarşısında yeni vəzifələr qoydu, qarşıdakı hədəfləri açıq şəkildə elm ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısının konseptual xarakter daşıyan dərin məzmunlu çıxışı bir növ elm ictimaiyyətinə gələcək fəaliyyət üçün tezis idi”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai birlik rəsmisi deyib ki, dövlət başçısının vurğuladığı kimi texnoloji inkişaf hər bir ölkə üçün əsas məsələdir və Azərbaycan elmi bu sahədə müstəsna rol oynamalıdır:
“Cənab Prezident çıxışı zamanı bildirib ki, elmin nailiyyətləri təhlükəsizlik, texnoloji və informasiya təhlükəsizliyi ilə sıx bağlıdır. Bu kontekstdə süni intellekt, rəqəmsallaşma, kiber təhlükəsizlik kimi sahələr ön plana çıxarılıb. Dövlət başçısı çıxışında bildirmişdir ki, Azərbaycanın müdafiə sənayesi və texnoloji potensialının artırılması elmin qarşısındakı prioritetlərdəndir”.
Ruhiyyə Mehdiyeva onu da vurğulayıb ki, İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri texnoloji müstəqillik və rəqəmsallaşma məsələləri ilə bağlı idi:
“Prezident qeyd etdi ki, dünya sürətlə dəyişir və Azərbaycan bu proseslərdə geri qalmamalıdır. Bu məqsədlə süni intellekt, kibertəhlükəsizlik, kosmik tədqiqatlar və müdafiə texnologiyaları kimi sahələrdə elmi araşdırmalar genişləndirilməlidir. Elmi nəticələr praktiki tətbiqə yönəldilməli, dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir”.
İctimai birliyin sədr müavini onu da diqqətə çatdırıb ki, postmüharibə dövründə, ərazi bütövlüyümüzün tam bərpasından sonrakı mərhələdə də Azərbaycan elmi qarşısında müəyyən vəzifələr durur və qeyd edilən sahə bu mərhələyə uyğun daha da inkişaf etməlidir:
“Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan tam suverenlik və ərazi bütövlüyünü təmin etmişdir. Bu yeni reallıqlar elm adamlarının qarşısında yeni vəzifələr qoyur. Ona görə də Azərbaycan elmi bu reallıqlara uyğun fəaliyyət göstərməlidir”.
Anar Əliyev











































