Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqının müstəqilliyi və milli kimliyinin müqəddəs rəmzi - Dövlət Bayrağı

Azərbaycan xalqının müstəqilliyi və milli kimliyinin müqəddəs rəmzi - Dövlət Bayrağı


9 noyabr Azərbaycan xalqının yaddaşında milli qürur, azadlıq və dövlətçilik duyğularının rəmzi kimi yaşayır. Hər il bu tarixdə üçrəngli bayrağımız dalğalanan hər binanın, hər küçənin üzərində Vətən sevgisinin və milli kimliyimizin səsi duyulur. Bu gün təkcə bir dövlət atributunun deyil, bütöv bir millətin azadlıq iradəsinin bayramıdır.

Azərbaycan xalqının milli kimliyini, mədəniyyətini və inancını əks etdirən üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olundu. Belə ki, Cümhuriyyətin dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Mavi rəng türklüyümüzü, qırmızı rəng müasirləşmə və tərəqqini, yaşıl rəng isə mənəvi dəyərlərimizi və İslam mədəniyyətini simvolizə edir. Bu rənglər birləşərək xalqımızın həm keçmişini, həm bu gününü, həm də gələcəyini ifadə edir.

Cümhuriyyət süqut etdikdən sonra bayraq rəsmi olaraq dalğalanmasa da, xalqın yaddaşından heç vaxt silinmədi. 1990-cı ilin noyabrında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız yenidən dövlət səviyyəsində ucaldıldı. Bu hadisə müstəqilliyimizin bərpasının başlanğıcı oldu.

Müstəqil Azərbaycan yarandıqdan sonra bayrağımız yenidən rəsmi simvol kimi təsdiqləndi. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü elan edildi. Bu qərar xalqın milli yaddaşını və vətənpərvərlik hissini daha da gücləndirdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ildə keçirilən dövlət suverenliyinin tam bərpası tədbirlərinin nəticəsi olaraq Azərbaycan Respublikasının konstitusion quruluşu onun bütün ərazilərində bərpa edilmiş, üçrəngli bayrağımız da işğaldan azad olunmuş bütün torpaqda, hər bir yüksəklikdə dalğalanmağa başlamışdı. Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarda ucalan və dalğalanan bayraq artıq təkcə bir rəmz deyil, qələbəmizin, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli oyanışı və həmrəyliyinin, dövlətçilik irsinin təcəssümüdür. Azərbaycan Bayrağı vahid məfkurə, azərbaycançılıq ideyaları ətrafında sıx birləşmənin başlıca amillərindən biri, xalqın milli identikliyinin təzahür formalarındandır. Ən müqəddəs rəmzlərdən olan bayrağımız Azərbaycan xalqının varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq, ülvi amallar və bəşəri dəyərlər uğrunda mübarizkarlıq bacarığının əsas göstəricisidir.

9 noyabr sadəcə bir tarix deyil, xalqımızın mənəvi portretidir. Hər bir azərbaycanlının borcu bu bayrağın mənasını dərk edib onu yalnız rəmz kimi deyil, milli məsuliyyət kimi qorumaqdır. Bu bayraq şəhidlərimizin qanı ilə müqəddəsləşib, xalqın duası ilə əbədi ucalıb.

Azər Allahverənov, Milli Məclisin deputatı
Xəbəri paylaş