Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əksər siyasi partiyalar Əli Kərimli düşüncəsində olsa da, ..

Əksər siyasi partiyalar Əli Kərimli düşüncəsində olsa da, ..


"Siyasət çox mürəkkəb, həm də müqəddəs bir sənətdir. Mürəkkəbdir ona görə ki, insanların, qrupların, dövlətlərin maraqları və istəkləri daim toqquşur. Verilən qərarlar həm daxili, həm də beynəlxalq faktorların təsirləri ilə formalaşır və bu formalaşan qərarlar dövlətçiliyə xidmət etməlidir".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, çoxsaylı dəyişən amillərin düzgün hesablanması və idarə olunması tələb olunur:

"Həm hüquqi, həm iqtisadi, həm tarixi balanslar nəzərə alınır və s. Həqiqətən çox mürəkkəb prosesdir. Burada emosiyaya qətiyyən yer yoxdur, hisslərlə yaşamaq olmaz. Müqəddəsdir ona görə ki, dövlətin taleyinə, cəmiyyətin rifahına, insanların təhlükəsizliyinə, gələcək nəsillərin həyatına təsir edən ən məsuliyyətli bir peşə, sahədir. Düzgün siyasət aparılanda xalqlar sabitlik, inkişaf və ədalət görür. Siyasət yalnız qaydalar və qanunlar deyil, intuisiyanın, zəkanın, təcrübənin, uzaqgörənliyin unikal birləşməsidir.

Siyasət həm də dövlətçilik mədəniyyəti, elm, məktəb, məsuliyyət sənəti olduğu üçün müqəddəsdir. Dövlət başçısı bu siyasi və mənəvi elementləri özündə birləşdirməlidir ki, xalq ona etimad göstərsin, dünya onunla hesablaşsın, beynəlxalq münasibətlərin incə tənzimlənməsində üstünlük qazansın. Biz Xankəndinə bayrağımızı sancmaqla həm də region üçün böyük fəlakət gətirə biləcək “Böyük Ermənistan” xülyasını, erməni və onların havadarlarının qaniçən ideologiyasını siyasi külə çevirdik. O zaman hamının yadındadır: Xankəndi və digər ərazilərimiz hələ tam azad olunmadan rus sülhməramlıları razılaşma ilə orada fəaliyyət göstərəndə əksər siyasətçilər hakimiyyətin bu siyasi taktikasını anlamadı, dərk etmədi və tənqid etdilər. Mahiyyət bundan ibarət idi: “Ruslara təslim etdilər, bu nəticə deyil, yarımçıq qələbədir”. Anlayıram, emosional davranışla guya hakimiyyəti, siyasi rəhbərliyi qınamaqla özlərini Azərbaycanın siyasi həyatında önəmli siyasi xadim və vətənpərvər kimi təqdim etməyə cəhd edirdilər. Lakin böyük və ağıllı düşüncə onların kim olduğunu, sifətlərini açıq şəkildə cəmiyyətə göstərdi. 15 oktyabrda Xankəndimizə bayrağı sancmaqla bu maskalar tam düşdü. Amma onlar bu utancdan siyasətdən getmək əvəzinə cırılmış maskaları ilə özlərini daha böyük bataqlığa sürüklədilər. İndi elə bataqlıqdadırlar ki, oradan çıxmaq mümkün deyil. Daha doğrusu, öz ağılları ilə mümkün deyil. Hökumət humanistlik edib dartıb onları çıxarmasa, olduğu yerdəcə qalacaqlar.

Yaddaş üçün deyim ki, o zaman da, bu gün də biz bu hakimiyyətə sona qədər qələbəmizin təminatı üçün inandıq və etimad göstərdik. Rəhbəri olduğum təşkilatla birlikdə bu gün etimadımız xalqımızın etimadı ilə eyni səviyyədə yüksəkdir ki, biz daha böyük uğurlara imza ataq.

Lakin Azərbaycanda elə siyasətçilər var idi ki, hətta deyirdilər: “İlham Əliyev razılaşıb ki, Qarabağla Ermənistanı birləşdirən ərazi, üstəlik Laçın da daxil olmaqla, Rusiyanın nəzarətinə verilir”. Hətta bir az da irəli gedərək: “Rusiyadan icazə alarıq, biz özümüz də…” deyirdilər. Gördünüzmü necə böyük strateji səhv buraxılırdı? İlham Əliyev Ali Baş Komandan, ləyaqətli lider kimi Xankəndinə gedərək nəyi nə vaxt etmək lazım olduğunu göstərdi. Əməlləri ilə isbat etdi ki, “Mən strateji və dövlət kimi düşünürəm. Sizin təfəkkürünüz hələ o səviyyədə inkişaf etməyib ki, məni anlayasınız.” Strateji düşünənlər gündəlik qısamüddətli eyforik siyasi qazanc üçün deyil, 20–30 illik perspektivlə qərar verirlər. Dövlət institutlarının güclənməsi, idarəetmənin təkmilləşməsi, milli maraqların qorunması kimi məsələlər məhz bu planlama ilə həyata keçirilir. Strateji yürüyüşlər sizin düşüncə tərziniz üçün deyildi, ona görə dərk edə bilmədiniz".

Ramil Hüseynov deyib ki, İlham Əliyev dövlətlidir, o, düşünür, populizmdən uzaqdır, analitik, hüquqi və institusional yanaşma ilə strateji düşünür:

"Milli geosiyasi balansı nəzərə alaraq ölkənin beynəlxalq münasibətlərdə manevr imkanlarını, təhlükəsizlik balansını, diplomatik resurslarını mükəmməl şəkildə tətbiq etdi və strateji addımlar atdı.

İlham Əliyev dövlət sirrini, dövlətin ləyaqətini bilən, dövlət ənənələrinə hörmət qoyan, sistemli, fundamental idarəetməyə üstünlük verən strateji dövlət adamı, böyük siyasi liderdir. İndi bu sözləri deyən Əli Kərimliyə və digər “siyasətçi” adlandırılan partiya sədrinin düşüncələrinə baxın. Ölkənin 200 ildən siyasi ləkəni birdəfəlik aradan qaldıran strateji düşüncəli liderin gördüyü işlərə fikir verin. Təbii ki, xalq buna görə yüksək etimada layiq olan liderinin arxasındadır. O dövrdə əksər siyasi partiyalar Əli Kərimli düşüncəsində olsa da, düşdükləri siyasi bataqlıqdan dövlət baba onları çıxartdı. Bu da böyüklüyün, cəmiyyətə və dövlətə hörmətin, humanizmin təzahürü idi. Amma onların çoxu daxildə olmasa da, üzdə özünə çəki-düzən verdi, səmimi dialoq prosesinə, həmrəylik dalğasına qoşuldu. Bundan sonra humanizm, məncə, lazım deyil. Artıq biz yeni reallıqlarla yeni mərhələyə qədəm qoymuşuq. Dövlət anlayışını dərk edənlər bu prosesdə daha önəmlidir".

Süleyman
Xəbəri paylaş