
Azərbaycan və Ukrayna əlaqələri tarixin sınağından çıxmış əsl dostluq və qardaşlıq münasibətləridir. Bu əlaqələr təkcə dövlətlərarası müstəvi ilə yekunlaşmır. İstənilən halda tamamilə siyasətdən uzaq bir ukrayniyalını və yaxud azərbaycanlını danışırdırsan dövlətlərimizdən əvvəl məhz xalqlarımız barəsində, aramızdakı bağlar haqqında xoş ifadələr işlədəcəkdir. Bu təsadüfi deyil. Bizlər arasında hər daim bir doğmalıq hissi olmuşdur və bu tendensiya gün də davam edir. Əlaqələrimizin inkişaf dinamikası və qlobal siyasi proseslərin ritmini nəzərə aldıqda Ukrayna prezidenti Vlodimir Zelenskinin ölkəmizə rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd etdiyim kimi, xalqlarımız arasındakı mənəvi bağlar sanki bizlərin taleyində də öz əksini tapır. Azərbaycan uzun müddət işğaldan və işğal fonunda beynəlxalq təşkilatlar, beyin mərkəzləri, güclər tərəfindən tətbiq edilən ikili standartlardan əziyyət çəkib. Çox şükür ki, xalqımız, dövlətimiz və dövlət rəhbərliyimizin qətiyyəti, inamı və prinsipiallığı qara buludları üzərimizdən bir dəfəlik dağıtmağa nail oldu. Biz bu sınaqdan üzü ağ çıxmağı bacardıq. Müəyyən fərqliliklər olsa da, Ukrayna xalqı və dövləti eyni ssenaridən bu gün əziyyət çəkir. Ukrayna torpaqları artıq beş ildir dağıdıcı müharibənin əsirinə çevrilib və kiçik qığılcımlar istisna müharibənin sonu ilə bağlı hələlik müsbət heçnə görünmür. Lakin bir reallıqda var ki, bu müddət ərzində Ukrayna xalqı, onun rəhbərliyi sözün əsl mənasında bütün dünyaya ali dəyərləri necə müdafiə etməyin bir düsturunu nümayiş etdirdi. Artıq heç kimə sirr deyil ki, Ukrayna məhz müharibə gedə - gedə artıq qlobal müstəvidə vacib aktorlar sırasında yer alır. Onların müasir müharibə elementləri, tətbiq etdikləri metodlar və müasir müharibənin tələbləri əsasında formalaşan hərbi sənayesi bu gün böyükdən-balacaya hər kəsin diqqət mərkəzindədir.
Liderlərin görüşü zamanı Bakı və Kiyev arasında hərbi sahədə əməkdaşlığ məsələlərinin diqqətə alınması hesab edirəm ki, sözügedən istiqamət üzrə iki ölkənin gələcək perspektivlər üçün sarsılmaz iradəsini ortaya qoyur. Münaqişə başlayandan bəri Azərbaycan davamlı humanitar yardımlar etməklə Ukraynaya dəstəyini sözdə deyil məhz əməldə sübud etmişdir. Əlbəttə bu bir tarixdir. Müharibə və ondan qaynaqlanan çətinliklər əbədi deyil. Bir gün mütləq sona çatacaq. Ancaq bu çətin zamanlarda dost və düşmənin dəqiqləşməsi əsrlər keçsə də, silinməz bir tarix olaraq qalacaq. Təbii ki, ölkəmiz prosesin yekunlaşmasının tərəfdarıdır. Zelenskinin Rusiya ilə danışıqlar prosesində Azərbaycan faktorunu qeyd etməsi ilk növbədə dövlətimizə və şəxsən cənab Prezident İlham Əliyevə olan inamın təcəssümüdür. Bakı Kiyev və Moskva arasında danışıqların inkişaf etdirilməsinə öz töhfəsini verə bilər. Aydındır ki, liderlərin çıxışı digər tərəfdə, yəni, Moskvada izlənildi və bu niyyətlə bağlı böyük ehtimalla yaxın müddətdə hərəkətliliyin olmasını izləyəcik.
Pərviz Mirizadə, siyasi şərhçi











































