
Arxadakı tablo istər-istəməz XX əsrin əvvəllərində baş vermiş faciələri, 1905–1906-cı illərdə Ukrayna və Rusiya imperiyası ərazilərində yəhudilərə qarşı törədilmiş qırğınları xatırladır. O dövrdə insanlar əməllərinə görə yox, milli mənsubiyyətlərinə görə hədəfə çevrilirdilər.
Tarix çoxdan sübut edib ki, insanları qanına, soyadına və dininə görə ayırmağa başlayan cəmiyyət əvvəlcə mənəviyyatını, sonra isə dövlət düşüncəsini itirir. Məhz buna görə insan hüquqları fəlsəfəsinin əsasında insan ləyaqəti dayanır. Milli, dini və siyasi fərqlər heç vaxt insanın dəyərindən üstün ola bilməz.
Bu gün xalqlar arasında süni şəkildə nifaq yaratmaq, cəmiyyətdə qarşıdurma toxumu səpmək və ya kiminsə milli kimliyinə görə başqa xalqa düşmən olduğunu iddia etmək olduqca təhlükəlidir. Heç kimin “o yəhudidir, deməli azərbaycanlını sevmir” və ya əksini deməyə haqqı yoxdur. Bu cür fikirlər mövqe deyil, birbaşa sabitliyə, qarşılıqlı hörmətə və dövlətçilik düşüncəsinə zərbədir.
Azərbaycan tarix boyu müxtəlif millətlərin və dinlərin qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Azərbaycanı sevmək, bu ölkəni sevmək sadəcə vətən sevgisi deyil. Bu, fırtınadan sığınacaq tapmaq kimidir. İnsan burada özünü təhlükəsiz, dəyərli və azad hiss edir.
Hüquq müdafiəçisi olaraq açıq şəkildə bildirirəm ki, fəaliyyətim yalnız qanun çərçivəsində, faktlara və sübutlara əsaslanaraq davam edəcək. Lakin hər hansı təzyiq, ayrı-seçkilik, böhtan və ya milli nifrəti qızışdırmaq cəhdi cəmiyyət qarşısında bəzi insanların həqiqi simasını və Azərbaycan Respublikasına qarşı nümayiş etdirdikləri nankor münasibəti ortaya çıxaran faktların açıqlanmasına səbəb ola bilər.
Hamını məsuliyyətə, sağlam düşüncəyə və bir-birinə hörmət etməyə çağırıram. Tarix nifrətin bəşəriyyətə hansı ağır qiymətə başa gəldiyini artıq göstərib. Buna görə də insanlar yenidən həmin səhvlərin təkrarlanmasına yol verməməlidir.
David Seliverstov,
Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri











































