
2026-cı ildə, dərin qlobal qeyri-sabitlik, Ukraynadakı münaqişənin beşinci ilinə qədəm qoyması və dünyada nəqliyyat və enerji yollarının bağlanması ilə Orta Asiya regionu gözlənilməz dayanıqlıq nümayiş etdirir və qlobal xaosa qarşı cəlbedici bir bufer kimi ortaya çıxır.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi (uza.uz) məlumat yayıb. Agentlik Polşa Şərqi Avropa Araşdırmaları Mərkəzinin (OSW) eksperti Kşiştof Straxota istinadən yazır ki, Çin, Avropa və ABŞ-ın siyasi çətiri beş Orta Asiya ölkəsinə bir-biri ilə əməkdaşlığı sürətlə inkişaf etdirməyə, eləcə də öz maraqlarını, təkcə şəxsi deyil, həm də dövlət maraqlarını açıq şəkildə irəli sürməyə imkan verir.
Yazıda sual edilir ki, niyə Mərkəzi Asiya Qərb və Çin üçün strateji əhəmiyyət kəsb edir? Ekspert cavabında bunun bir neçə səbəbinin olduğunu deyir:
"Birincisi, regionda Avropa Birliyinin çox ehtiyac duyduğu böyük xammal ehtiyatları var: məsələn, nadir torpaq elementləri, uran. Bu, Aİ üçün çox vacibdir. İkincisi, Rusiya və İrandan keçən marşrutun bağlanmasından sonra Orta Asiya logistika dəhlizləri qlobal ticarət üçün yeganə körpü oldu. Bundan əlavə, sosial iğtişaşların qarşısını almaq üçün yerli hakimiyyət orqanları sürətli iqtisadi liberallaşdırma və modernləşmə yolunu seçdilər".
Ekspert qeyd edir ki, belə bir dəyişiklik nəticədə aparıcı qlobal güclərin regionla misli görünməmiş səviyyədə diplomatik və investisiya əlaqələrinə səbəb oldu:
"Müxtəlif tərəflər arasında gərgin rəqabət şəraitində xarici tərəfdaşların strateji resurslara və yeni logistika marşrutlarına zəmanətli çıxış üçün sərt siyasi şərtlərdən müvəqqəti olaraq imtina edərək çevik və praqmatik hərəkət etməyə başlaması diqqətəlayiqdir".
Süleyman













































