
"İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib. Enerji sahəsində regionun ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunan bu həftə çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” təşkil olunub".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. Onun sözlərinə görə, enerji sektorunun aparıcı nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, nüfuzlu ekspertləri və biznes dairələrinin nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi qlobal enerji gündəliyində mühüm yer tutur:
"Beynəlxalq enerji ictimaiyyətinin diqqət mərkəzində olan Bakı Enerji Həftəsi enerji sahəsində əməkdaşlığın inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və qlobal çağırışların müzakirəsinə geniş imkanlar yaradır. Tədbir Azərbaycanın dünya enerji bazarındakı mühüm rolunu bir daha təsdiqləməklə yanaşı, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsinə və yaşıl enerji keçidinə verdiyi töhfələri də nümayiş etdirir".
Hakim partiya təmsilçisi deyib ki, Azərbaycanın qaz sənayesinin inkişafında mühüm mərhələ hesab olunan “Şahdəniz” yatağı üzrə sazişin imzalanmasından 30 il ötür. Fərid Hacıbəyli qeyd edib ki, bu layihə ölkənin enerji potensialının gücləndirilməsinə, təbii qaz ixracının genişlənməsinə və bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verib.
Onun sözlərinə görə, Azərbaycanın bu gün dünya enerji bazarında etibarlı və strateji tərəfdaş kimi tanınması Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsidir.
Arzu













































