
"Prezident İlham Əliyevin 2026-cı il “Bakı Enerji Həftəsi”nin açılışında çıxışı Azərbaycanın enerji siyasətinin dövlət strategiyası olduğunu bir daha nümayiş etdirdi. Çıxışda tarixi transformasiyanın təqdimatı, enerji diplomatiyasının qlobal kontekstdə əsaslandırılması ilə yanaşı gələcəyə yönəlmiş strateji prioritetlərin vurğulanması diqqət çəkdi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, birinci mühüm məqam Azərbaycanın enerji modelinin 1994-cü ildən başlayaraq formalaşması və “Əsrin müqaviləsi” ilə sistemli iqtisadi dönüş yaratmasıdır:
"Çıxışda qeyd olunduğu kimi, həmin dövrdə ölkə həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi böhran içində idi. Bu kontekst enerji resurslarının sadəcə iqtisadi deyil, dövlət quruculuğunun əsas alətinə çevrildiyini göstərir. Enerji gəlirlərinin sosial infrastruktur, yoxsulluğun azaldılması, borc yükünün idarə olunması və valyuta ehtiyatlarının formalaşdırılmasına yönəldilməsi Prezident tərəfindən Azərbaycan modelinin əsas ideoloji dayağı kimi təqdim olundu.
İkinci əsas xətt enerji diplomatiyası və qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın yalnız ixracatçı deyil, həm də tranzit və bağlantı mərkəzinə çevrildiyini göstərir. Xüsusilə Avropaya qaz təchizatının 16 ölkəyə çatması və onların 10-nun Aİ üzvü olması Azərbaycanın Avropa enerji balansında artan rolunu təsdiqləyir. Bu, həm də Avropanın Rusiya qazından asılılığının azalması fonunda Azərbaycanın strateji əhəmiyyətini artıran amildir".
Politoloq qeyd edib ki, növbəti istiqamət enerji ideologiyasının dəyişməsi ilə bağlıdır:
"Prezident çıxışında neft və qazın demonizasiya edilməsi tənqid olundu və qlobal enerji keçidinin daha praqmatik yanaşma ilə aparılmasının vacibliyi vurğulandı. Burada əsas mesaj ondan ibarətdir ki, dünya hələ uzun müddət faydalı qazıntılardan imtina edə bilməz və buna görə enerji siyasəti ideoloji deyil, real iqtisadi ehtiyaclara əsaslanmalıdır.
Çıxışda daha bir istiqamət isə Azərbaycanın artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də investisiya ixrac edən aktora çevrilməsi ilə bağlıdır. Həqiqətən də SOCAR-ın beynəlxalq genişlənməsi, neft emalı və neft-kimya sektorunun diversifikasiyası ölkənin resurs iqtisadiyyatından idarə olunan kapital iqtisadiyyatına keçidini göstərir.
Ümumilikdə isə Prezidentin çıxışı ölkəmizin qlobal enerji arxitekturasında mövqeyinin daha da möhkəmlənməkdə olduğunu göstərir".
Süleyman












































