Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regional layihələrə müəlliflik etməyimiz Azərbaycanın geosiyasi və geoiqtisadi mövqelərini gücləndirir

Regional layihələrə müəlliflik etməyimiz Azərbaycanın geosiyasi və geoiqtisadi mövqelərini gücləndirir


Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi həqiqətən də olduqca mühüm hadisədir. Xatırladaq ki, bu xəttin modernləşdirilməsi və yenidən istifadəyə verilməsi ilə bağlı mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan və Gürcüstanın əlaqədar nazirlikləri tərəfindən protokol imzalanıb.

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə həyata keçirilən modernləşdirmə işlərinin nəticəsində bu xəttin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb və beləliklə, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru yol marşrutlarından birinə çevrilib.

Onun sözlərinə görə, bu isə BTQ-nin qlobal ticarətdəki rolunun əhəmiyyətli dərəcədə artması deməkdir. İndi texnoloji baxımdan tam şəkildə müasirləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq və regionumuzun qlobal ticarət-logistika şəbəkəsində strateji əhəmiyyətini artırmış olacaq. Lakin BTQ dəmir yolu xəttinin yük ötürmə qabiliyyətinin artırılması təkcə xəttin özünün əhəmiyyətini deyil, həm də bütövlükdə regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Nəticə etibarilə, Orta Dəhlizin rəqabət qabiliyyəti daha da güclənir. Orta Dəhlizin rəqabət qabiliyyətinin güclənməsi isə birbaşa Azərbaycanın geoiqtisadi mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu mənada, Orta Dəhlizin önəmli arteriyalarından biri olan BTQ-nin tam gücü ilə işə düşməsinin ən önəmli strateji cəhəti budur ki, bu yenilik Azərbaycanın regional logistika müstəvisində rolunu daha da gücləndirəcək. BTQ dəmir yolu xəttinin modernləşdirilib tam gücü ilə istifadəyə verilməsi həm Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarının artmasına və Orta Dəhliz boyunca yük axınının çoxalmasına ciddi təsir göstərəcək, həm də paralel olaraq, Azərbaycan iqtisadiyyatının inkişafı baxımından yeni imkanlar yaradacaq.

Komitə sədri qeyd edib ki, yük daşıma ilə yanaşı, həm də sərnişindaşıma üçün nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunun bir başqa üstünlüyü isə ondadır ki, artıq Bakıdan və Tiflisdən birbaşa Türkiyəyə sərnişinlərin rahat gediş-gəlişi də reallığa çevriləcək. Eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan vətəndaşları ilə yanaşı, həmçinin xarici turistlər də bu dəmir yolu xəttinin imkanlarından rahat şəkildə istifadə biləcəklər. Bu isə regionda turizmin inkişafına əlavə töhfə verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi düzgün strateji qərardır. Regional layihələrə müəlliflik etməyimiz Azərbaycanın geosiyasi və geoiqtisadi mövqelərini gücləndirir.

Süleyman
Xəbəri paylaş