
Rusiya ilə Taliban arasında hərbi əməkdaşlıq müqaviləsinin bağlanması, Kremlin Ukrayna ilə bağlı planının tərkib hissəsidir. Dövlətlər arasında hərbi əməkdaşlıq təbii proses sayılsa da, beynəlxalq təcrid şəraitində olan Taliban Əfqanıstanı ilə belə bir anlaşmanın məhz indiki mərhələdə imzalanması müəyyən suallar yaradır.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hazırda Taliban rəhbərliyi ilə məhdud sayda ölkə siyasi və iqtisadi əməkdaşlıq edir.
Onun sözlərinə görə, Rusiyanın Talibanla əməkdaşlığı ilk növbədə Moskvanın strateji maraqları ilə bağlı görünür.
Bununla Kreml Əfqanıstandakı potensial insan resurslarından yararlanmağa çalışır. Bu çərçivədə Ukrayna müharibəsində iştirak üçün muzdlu əfqan döyüşçülərin, eləcə də Talibanın formalaşdırdığı silahlı strukturlarda təcrübə qazanmış şəxslərin cəlb edilməsi mümkün görünür.
Digər tərəfdən, Taliban rejiminin Rusiyadan genişmiqyaslı silah alışını maliyyələşdirəcək iqtisadi imkanları məhduddur. Əfqanıstanda ağır sosial-iqtisadi böhran davam edir. Buna görə də, yaxın perspektivdə Rusiyanın Əfqanıstanda hərbi baza yaratması və ya böyük hərbi infrastruktur qurması real görünmür.
Mövcud şəraitdə tərəflər arasında hərbi əməkdaşlığın əsas məqsədi daha çox Rusiyanın Ukrayna müharibəsində əlavə canlı qüvvə ehtiyacını qarşılamaq planı dayanır. Bunun müqabilində isə Moskvanın Taliban rejiminə maliyyə, ərzaq dəstəyi verməsi mümkün görünür.
Süleyman













































