Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 İyun – Azərbaycan xalqının taleyində dönüş nöqtəsi

15 İyun – Azərbaycan xalqının taleyində dönüş nöqtəsi



Müasir, müstəqil Azərbaycanın tarixində xüsusi yeri və böyük əhəmiyyəti olan 15 İyun – Milli Qurtuluş Günü sözün həqiqi mənasında ölkəmizin xilası, onun parçalanma və məhv olma təhlükəsindən qurtuluşu günüdür. Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə təqvimə qızıl hərflərlə yazılan bu gün həm də Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran və dövlət idarəçiliyindəki çətinliklərin aradan qaldırılmasında mühüm tarixi hadisə kimi səciyyələndirilir.

33 il əvvəl yaşanan həmin tarixə nəzər yetirdikdə gözümüz önündə kifayət qədər təhlükəli, eyni zamanda riskli siyasi proseslər canlanır. Müstəqilliyin ilk illərində bir-birinə zidd olan siyasi qüvvələr arasında gedən hakimiyyəti ələ keçirmək uğrunda mübarizə, bu mübarizədə AXC-Müsavat cütlüyünün qalib gəlməsi, lakin idarəetmədə yol verilən ciddi səriştəsizlik, dövlət idarəçiliyi sisteminin olmaması, qeyri-qanuni silahlı birləşmələrin dövlətin idarəetmə sütunlarına ciddi təhlükə yaratması, bütün bunlarla paralel olaraq iqtisadi və sosial vəziyyətin getdikcə ağırlaşması xalqın narazılığını artırırdı. Ən pisi isə o idi ki, nə Mütəllibov hakimiyyəti, nə də AXC-Müsavat cütlüyü ölkəni yaranmış vəziyyətdən çıxara biləcək qüvvənin – Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsindən yararlanmaq istəmir, ümumiyyətlə, Ümummilli Liderin Bakıya dönüşünə maksimum dərəcədə mane olurdular. Belə bir vəziyyət isə daha çox müstəqilliyimizə son qoymağa, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərini yayaraq Azərbaycanı bir neçə yerə parçalamağa, hətta bunun üçün ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmağa çalışanların maraqlarına xidmət edirdi.

Belə bir şəraitdə, 1993-cü ilin iyun ayında Azərbaycanda siyasi böhran daha da dərinləşdi. Ölkədə vətəndaş qarşıdurması təhlükəsi yarandı, hakimiyyət strukturlarında idarəetmə böhranı baş verdi, ordunun müəyyən bir hissəsinin mərkəzi hakimiyyətə, Ali Baş Komandana qarşı qiyamı baş verdi.

Belə bir mürəkkəb şəraitdə xalqın və dövlətin taleyini, onun parçalanma təhlükəsinin qarşısını yalnız Heydər Əliyev ala bilərdi. Beləliklə, xalqın təkidli tələbi, eyni zamanda AXC-Müsavat hakimiyyətinin məcburiyyət qarşısında xalqın iradəsi ilə hesablaşmasının nəticəsi olaraq, böyük siyasi təcrübəyə malik dövlət xadimi Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdı.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın çağırışına cavab verərək Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu gün də qürurla və sevinclə qeyd etdiyimiz həmin tarix, əslində, ölkədə siyasi sabitliyin bərpası istiqamətində atılan ən mühüm addımlardan biri idi. Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində dövlət hakimiyyətinin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.

Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə tarixə düşən Milli Qurtuluş Gününün əsas nəticələrindən biri ondan ibarət oldu ki, Azərbaycanda dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmağa başlandı. Həmin dövrdən başlayaraq ölkədə geniş islahatlar həyata keçirildi, iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm proqramlar qəbul edildi. Xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs müəyyənləşdirildi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, dünya dövlətləri ilə əməkdaşlıq əlaqələri genişləndi.

Qısa müddətdə ölkədə mövcud olan qeyri-qanuni silahlı birləşmələri ləğv etməklə siyasi sabitliyə nail olan Heydər Əliyev Azərbaycanın enerji strategiyasının əsasını təşkil edən Əsrin müqaviləsinin imzalanmasını gerçəkləşdirdi. Bununla da ölkənin iqtisadi imkanları genişləndi, xarici investisiyaların cəlb olunmasına şərait yarandı və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyi gücləndi.

Qurtuluş yolu ilə əldə olunan sabitlik sonrakı illərdə ölkənin sosial, iqtisadi və mədəni inkişafının əsasını təşkil etdi. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ildə qərar qəbul edərək həmin günü Milli Qurtuluş Günü kimi tarixiləşdirdi. Həmin ildən etibarən hər il qeyd olunan Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi sayılır.

1993-cü ilin 15 iyunundan başlanan siyasi sabitlik və ona uyğun olaraq gedən iqtisadi inkişaf kursu günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin uğurla davamı nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasına, torpaqlarımızın işğaldan azad edilməsinə yol açan Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Xəbəri paylaş