
Cari ilin iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi baş tutub. Enerji sektorunun ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunan Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Ölkə başçısı açılış mərasimində çıxış edərək vurğulamışdır ki, 1994-cü ildə ölkə ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi. İşğal altında qalan torpaqlar, bir milyondan çox qaçqın və məcburi köçkün, yüksək yoxsulluq və işsizlik səviyyəsi Azərbaycanın qarşısında ciddi çağırışlar yaratmışdı. Lakin həyata keçirilən uzaqgörən enerji strategiyası sayəsində ölkə qısa müddətdə böyük inkişaf yolu keçərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Həmçinin bu gün Azərbaycanın iqtisadi göstəriciləri də uğurlu siyasətin nəticəsini nümayiş etdirir. Yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, xarici borcun minimum həddə endirilməsi, strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi ölkənin maliyyə dayanıqlığının göstəricisidir.
Çıxışının sonunda Prezident dogma Partiyamızın Sədri cənab İlham Əliyev enerji təhlükəsizliyinin qlobal miqyasda təmin edilməsinin yalnız geniş beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətləri çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, müasir dövrdə enerji sahəsində yaranan çağırışların aradan qaldırılması, enerji təchizatının davamlılığının qorunması və bazarlarda sabitliyin təmin edilməsi bütün ölkələrin birgə səylərini zəruri edir. Vurğulanıb ki, enerji sahəsində səmərəli əməkdaşlıq təkcə iqtisadi inkişafın deyil, həm də regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinin əsas amillərindən biridir. Prezident Azərbaycanın etibarlı tərəfdaş kimi bundan sonra da beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə öz töhfəsini verməyə davam edəcəyini bildirib.
Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































