
"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qalib gəlməsi regionun gələcək geosiyasi mənzərəsi və Azərbaycan-Ermənistan nizamlanma prosesi baxımından kifayət qədər ciddi və realistik təhlil tələb edən bir hadisədir. Bu qələbəni həm daxili auditoriyanın reallıqları, həm də Bakı ilə münasibətlərin gələcəyi kontekstində bir neçə mühüm istiqamət üzrə dəyərləndirmək mümkündür".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Paşinyanın qələbəsi, hər şeydən əvvəl, Ermənistan cəmiyyətinin daxili psixoloji durumu haqqında aydın mesaj verir:
"Görünən odur ki, seçicilər köhnə hərbi xuntanı, Köçəryan və Sarkisyanın timsalında revanşist ideyaları dəstəkləmədiklərini bəyan etdilər. Erməni xalqı müharibə və yeni fəlakətlər vəd edən radikal ritorikadansa, mövcud reallıqları qəbul edən və daha çox daxili problemlərə, iqtisadiyyata və mövcud sərhədlərin qorunmasına fokuslanan xətti seçdi.
Bundan başqa, Paşinyanın hakimiyyətdə qalması sülh gündəliyinin və delimitasiya-demarkasiya prosesinin tamamilə masadan qalxmasının qarşısını almaqla Ermənistan üçün inkişaf və sabitlik yolunda önəmli mərhələ sayıla bilər. Təbii ki, heç bir qüvvə Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqları dəyişə bilməz, lakin sirr deyil ki, revanşist xunta gəlsəydi, indiyə qədər əldə olunmuş bütün razılaşmaları və delimitasiya protokollarını ləğv etməyə cəhd göstərəcək və bu da Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaqdı. Lakin Paşinyanın qalib gəlməsi, zaman-zaman hər nə qədər manipulyasiyalara əl atsa belə İrəvanın beynəlxalq hüquqi öhdəliklər və delimitasiya prinsipləri üzərində qurulan dialoqu davam etdirməyə məhkum olduğunu göstərir".
Millət vəkilinin sözlərinə görə, Paşinyan artıq tam dərk edir ki, Ermənistanın bir dövlət kimi qorunub saxlanması və blokadadan çıxması birbaşa Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından, regional kommunikasiyaların açılmasından keçir:
"Təbii ki, bu qələbə Ermənistanın birdən-birə ideal sülh tərəfdaşına çevrilməsi demək deyil. Bu, sadəcə olaraq qarşı tərəfdə hərbi macəraçılığa meyilli, tamamilə proqnozlaşdırıla bilməyən irrasional qüvvələrin əvəzinə, güc balansını və real vəziyyəti anlayan subyektin qalması deməkdir.
Bununla belə, Paşinyanın qələbəsini həddindən artıq optimizmlə qarşılamaq da düzgün olmazdı. Çünki Ermənistanın indiki rəhbərliyi də tez-tez manipulyativ gedişlər edir, qərbli tərəfdaşlarının diktəsi ilə sülh müqaviləsinin imzalanmasını ləngidir və ya konstitusiyalarındakı ərazi iddialarını tam təmizləməkdən yayınmağa çalışır. Lakin burada ən mühüm faktor Azərbaycanın regionda yaratdığı yeni reallıqdır".
Millət vəkili hesab edir ki, İrəvanda kimin qalib gəlməsindən asılı olmayaraq rəsmi Bakının qətiyyətli mövqeyi, güclü ordusu və həyata keçirdiyi müstəqil xarici siyasət Ermənistanı sülh və beynəlxalq hüquq müstəvisinə gəlməyə məcbur edir:
"Paşinyanın qələbəsi sadəcə olaraq bu məcburiyyətin Ermənistan daxilində daha az müqavimətlə icra olunmasına zəmin yaradır.
Nəticə etibarilə, bu qələbə regionda uzunmüddətli sabitlik və sülh müqaviləsinin imzalanması şansını qoruyub saxlayır, lakin Azərbaycan hər zaman olduğu kimi, prosesləri Ermənistanın daxili siyasi konyunkturasına görə deyil, öz milli maraqlarına və yaratdığı regional reallıqlara uyğun şəkildə idarə etməkdə davam edəcəkdir".
Süleyman












































