
"Ermənistanda keçirilən parlament seçkilərini, təkcə ölkənin daxili siyasətdə baş verən yarış olaraq görmək düzgün olmazdı. Bu seçkilər həm də Qərb-Rusiya arasında geosiyasi seçim və həmçinin Ermənistanı Azərbaycanla sülh prosesinə aparan referendum kimi də qəbul etmək olar".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ilkin rəsmi nəticələrə görə Nikol Paşinyanın rəhbərlik etdiyi, Mülki Müqavilə partiyası, verilən səslərin 50 faizinin üzərində səs çoxluğu əldə edərək seçkilərin qalibi olub:
"Rusiyanın isə fovarit hesab etdiyi Robert Koçaryan və onun partiyası, kifayət qədər az səs qazanaraq çox geridə qalıb. Bütün bunlar onu göstərir ki, Ermənistan xalqının əksəriyyəti, seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna yenidən mandat verdi. Bu əlbəttə ki, Azərbaycanla sülh sazişinin tamamlanması ehtimalını artırır və Türkiyə ilə normallaşma prosesinin davam etməsinə səbəb ola biləcək maneələri aradan qaldırır. Ən əsası isə Rusiyanın bölgədə, Cənubi Qafqazda təsirini daha da zəiflədəcək".
Ekspertin qənaətincə. erməni xalqının 2023-cü ildən bu yana Paşinyanın yürütdüyü sülh və normallaşma siyasətinə məhz bu seçkilərdə bir daha səs verərək, onu seçmələri, bir daha sübut etdi ki, Paşinyan doğru yolu seçib və buna da öz xalqını inandıra bilib:
"Bu, bir siyasətçi üçün böyük müvəffəqiyyətdir. Doğrudur, Rusiya çox qəzəblidir və bundan sonra da öz təsir rıçaqlarını daha sərt şəkildə davam etdirə bilər. Ancaq bu,Paşinyanı bir siyasətçi kimi daha da möhkəmləndirəcək və təcrübəli edəcək.
Paşinyanın xüsusilə də Qərbə yaxınlaşması Moskvanın maraqlarını istər Cənubi Qafqaz siyasətində, istərsə də KTMT və digər məsələlərdə alt-üst edir. Seçki öncəsində və seçki ərəfəsində Moskva, Ermənistanda ciddi mübarizə apardı, amma nəticədə məğlub oldu. Bu da əslində, Paşinyanın güclü olduğunu ortaya qoyur və bundan sonra da Rusiyanın təzyiqləri Paşinyanı daha çox aktiv rol almağa sövq edəcək. Bu baxımdan hesab etmək olar ki, Azərbaycanın uzun müddətdir vurğuladığı konstitusiya dəyişiklikləri məsələsi hələ də öz əksini tapmayıb və yekun sülh müqaviləsinin imzalanmasının qarşısındakı əsas siyasi maneələrdən biri kimi hələ də qalır. Paşinyanın yenidən mandat alması bu istiqamətdə duran maneələrin aradan qaldırılmasına kömək edəcək. Bakı-İrəvan arasında danışıqların, mərhələli şəkildə daha sürətlə davam etməsi ehtimalını da artırır".
Süleyman












































