Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

17 yaşlı gənc sosial şəbəkəyə girmək üçün valideynindən icazə almalıdır?

17 yaşlı gənc sosial şəbəkəyə girmək üçün valideynindən icazə almalıdır?


Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim edilib. Layihəyə görə, dövlət tərəfindən müəyyən ediləcək sosial şəbəkə platformalarında 16 yaşadək uşaqlar üçün hesab açılması qadağan olunur. Qanun qüvvəyə mindikdən sonra mövcud hesablar da yoxlanılacaq və yaş təsdiqlənmədiyi halda həmin hesablar silinəcək.

Newscenter.az-ın xəbərinə görə, bunları deyən Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, 16-18 yaş arası istifadəçilər üçün isə ayrıca rejim nəzərdə tutulur:

"Bu yaş qrupunda valideyn razılığı, valideyn nəzarəti, xüsusi təhlükəsizlik tədbirləri, məzmun və reklam məhdudiyyətləri, geolokasiyanın məhdudlaşdırılmas tətbiq ediləcək. Qanunun təsir dairəsinə əsasən Instagram, Facebook, TikTok, X, Snapchat və digər oxşar sosial şəbəkələr daxil olacaq. Həmin platformaların Azərbaycanda nümayəndəlik və ya filial açması da tələb olunur. Tələblərə əməl etməyən platformalar üçün 100 min və 300 min manatlıq maliyyə sanksiyaları və bloklanma kimi tədbirlər nəzərdə tutulur".

Osman Gündüz qeyd edib ki, bu mövzu dünyada yeni deyil:

"Son 15-20 ildə bir çox inkişaf etmiş ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif yanaşmalar müzakirə və tətbiq olunub. Avstraliya, Fransa, Böyük Britaniya və bir sıra Avropa ölkələri bu istiqamətdə fərqli modellər tətbiq edir və ya müzakirələr aparırlar.

Maraqlıdır ki, beynəlxalq müzakirələrdə əsas konsensus daha çox 13 yaşadək uşaqların qorunması ətrafında formalaşıb. Ən çox mübahisə doğuran məsələ isə məhz 16-18 yaş qrupudur. Çünki bu gün Azərbaycanda da 17 yaşlı gənclər arasında hətta Aİ ilə biznes quranlar, proqramlaşdırma ilə məşğul olanlar, startap quranlar və pul qazananlar, beynəlxalq olimpiadalarda, hakatonlarda və qlobal layihələrdə iştirak edənlər az deyil. Bir çox hallarda onların rəqəmsal bacarıqları valideynlərindən daha yüksəkdir.

İndi sual yaranır: bu gənclər sosial şəbəkələrə valideyn razılığı iləmi daxil olacaqlar?
Onların istifadə vaxtına və məzmun seçiminə valideyn nəzarəti necə tətbiq ediləcək? Bu yanaşma onların rəqəmsal inkişafını və beynəlxalq rəqabət imkanlarını məhdudlaşdırmayacaqmı? Məhdudiyyətlərlə üzləşən bizim 16-18 yaşlı gənclərimiz daha sərbəst rəqəmsal mühitdə böyüyən xarici həmyaşıdları ilə eyni səviyyədə rəqabət apara biləcəklərmi? Əlbəttə, qanunun məqsədi uşaqları qorumaqdır və bu, təqdirəlayiq yanaşmadır. Lakin müasir dövrün reallıqları, rəqəmsal iqtisadiyyatın tələbləri, ölkələrin rəqabətə davamlılığı və gənclərin inkişafı da nəzərə alınmalıdır.
Məncə, 13 yaşadək uşaqlara münasibətdə daha sərt məhdudiyyətlər əsaslandırılmış görünür. 13-15 yaş qrupu üçün daha yumşaq və mərhələli yanaşma tətbiq oluna bilər".

Mərkəz rəhbəri hesab edir ki, ən çox müzakirəyə ehtiyac olan hissə isə məhz 16-18 yaş qrupudur:

"Burada həm qanunun işləkliyi, bu yaş qrupuna daxil olanların rəqəmsal müstəqilliyi, həm VPN və digər texniki vasitələrlə məhdudiyyətlərin aşılması, həm də valideynlərdən daha yüksək rəqəmsal savada malik gənclərə bu nəzarətin necə tətbiq ediləcəyi suallar doğurur.

Digər tərəfdən, qlobal platformaların Azərbaycanda nümayəndəlik açmaqda nə dərəcədə maraqlı olacağı və yaş yoxlamasının praktikada necə işləyəcəyi də açıq qalan məsələlərdir.

Düşünürəm ki, ictimai müzakirələr zamanı xüsusilə 16-18 yaş qrupu ilə bağlı müddəalar daha dərindən təhlil edilməli, uşaqların təhlükəsizliyi ilə onların rəqəmsal inkişafı arasında optimal balans tapılmalıdır".

Süleyman
Xəbəri paylaş