
"Ermənistanda keçirilən parlament seçkiləri Azərbaycanın iradəsinin təntənəsi ilə başa çatdı".
Bunu Newscenter.az-a deyən siyasi şərhçi Elçin Ağamalı bildirib ki, Nikol Paşinyanın bu seçkilərdə uğur qazanması indiki zaman kəsimində Azərbaycan üçün ən optimal nəticə idi:
"Çünki məhz bu hökumət zamanında Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə öz ədalətli həllini tapmış, sülh prosesinə doğru əməli addımlar atılmışdır. Paşinyanın Azərbaycanla bağlı bu gün sərgilədiyi mövqe onun 2018-ci ildə hakimiyyətə gəlişi zamanı ortaya qoyduğu mövqedən çox uzaqdır. Paşınyan da özünün digər opponentləri kimi Qarabağ kartından siyasi məqsədlərinə çatmaq üçün kifayət qədər faydalanmışdı. Onun "Qarabağ Ermənistandır, nöqtə" ifadəsini, Şuşada keçirdiyi bayram şənliklərini xatırlamaq kifayətdir. Hətta müharibəni uduzan və üzərinə öhdəliklər götürən Paşinyan hökumətinin bu öhdəlikləri yerinə yetirməmək üçün göstərdiyi dirəniş də unudulmayıb. Zəngəzur dəhlizinin reallaşmaması üçün gah İranın, gah da Avropalı diplomatların xidmətindən yararlanan Paşinyan sonunda Azərbaycanın və onun Prezidenti cənab İlham Əliyevin iradəsi qarşısında təslim oldu. Baş Nazir ölkəsində ən informasiyalı şəxs kimi lüzumsuz dirənişin Ermənistan üçün olduqca acınacaqlı nəticələr vəd etdiyini zamanla dərk etdi. Məhz dəmir iradənin və bölgədəki yeni geosiyasi reallıqların qəbullanması nəticəsində Paşinyan hökuməti Azərbaycanla sülh şəraitində yaşamanın alternativinin olmadığını dilə gətirdi. O bu siyasi xəttin daşıyıcısı olduğu üçün deyil, məhz Azərbaycan tərəfindən sülh siyasi xəttini aparmağa məcbur edildiyi üçün mövcud mövqeni nümayiş etdirir. Başqa sözlə seçkilərdə Paşinyan deyil, onun opponentləri qalib gəlsəydi belə Azərbaycanın məcburetmə vasitələri onların da siyasi baxışlarında və siyasətində korreksiya edəcəkdi. Doğrudur bunun üçün əlavə zaman itkisi, hərbi və diplomatik resurslarından istifadə olacaqdı. Paşinyan hökumətinin seçkilərdə qalib gəlməsi Azərbaycanı və bölgəni əlavə zaman itkisindən qurtardı".
Elçin Ağamalının qənaətincə, xalqından yenidən mandat alan Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində başlanan siyasəti davam etdirəcəkdir:
"Məhz Azərbaycanla münasibətlərin yaxşılaşdırılması Ermənistanın həqiqi suverenliyinin açarıdır və doğru yoludur".
Süleyman











































