Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Made in Azerbaijan” məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində strateji addım

“Made in Azerbaijan” məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində strateji addım


Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi və yerli sahibkarın beynlxalq bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımlardan biri atılıb.

Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan nəqliyyat xərclərinin əhəmiyyətli hissəsi dövlət tərəfindən dəstəklənəcək.

Belə ki, dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən daşımalar üzrə nəqliyyat xərclərinin 70 %-ə qədəri, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalarda isə 50 %-ə qədəri dövlət tərəfindən kompensasiya ediləcək.

Bununla yanaşı, dəstəyin yekun məbləği məhsulun gömrük dəyərinə uyğun limitlərlə də tənzimlənəcək. Belə ki, avtomobil, dəmir yolu və hava daşımalarında dəstək məhsulun gömrük dəyərinin 15 %-ni, dəniz daşımalarında isə 5 %-ni keçə bilməyəcək. Yəni mexanizm həm sahibkarın real logistika xərclərini nəzərə alır, həm də dövlət dəstəyinin daha balanslı və səmərəli tətbiqinə imkan yaradır.

Bu qərarın ən mühüm tərəflərindən biri odur ki, ixrac zamanı sahibkarın üzərində olan əsas maliyyə yüklərindən biri hesab edilən logistika xərcləri azalır. Bir çox hallarda məhsul istehsal etməkdən daha çətin və bahalı proses onun xarici bazara çatdırılması olurdu. Yeni mexanizm xüsusilə kiçik və orta sahibkarların ixrac imkanlarını genişləndirə, onların yeni bazarlara çıxışını sürətləndirə və Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artıra bilər.

Fərmanda Naxçıvan Muxtar Respublikası ilə bağlı ayrıca dəstək mexanizminin nəzərdə tutulması da xüsusi diqqət çəkir. Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Azərbaycanın digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70 %-nin dövlət tərəfindən qarşılanması regionun istehsal və satış imkanlarının genişlənməsi baxımından mühüm addımdır. Bu qərar Naxçıvan sahibkarlarının daxili bazara inteqrasiyasını daha da gücləndirə bilər. Həm də bu fərmanla Naxçıvandan olmayan digər azərbaycanlı sahibkarlar üçün də Naxçıvanda istehsal müəssisələri yaratmaq və bu dəstək mexanizmindən faydalanmaq baxımından yeni maraq yarana bilər.

Digər vacib məqamlardan biri də odur ki, mexanizm qısamüddətli deyil. Fərmanın tətbiqi 2026-cı ilin sentyabrından başlayaraq 2036-cı ilin sonunadək nəzərdə tutulur. Bu isə sahibkarlar üçün uzunmüddətli planlaşdırma, ixrac strategiyası qurmaq və yeni bazarlara investisiya etmək baxımından mühüm etimad mühiti formalaşdırır.

Bu qərar qeyri-neft ixracının artırılması, regional istehsalın təşviqi, logistika xərclərinin optimallaşdırılması və “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi istiqamətində strateji iqtisadi addımdır.

Eldəniz Əmirov. iqtisadçı
Xəbəri paylaş