
"Rusiya uzun illər bu ölkənin Qafqazdakı forpostu rolunu oynamış Ermənistandan bu qədər asanlıqla imtina etməyəcək".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Ağamalı Rusiyanın Ermənistandakı seçkilərdə məğlub olmasından sonrakı dönəmdə atacağı addımları şərh edərkən səsləndirib. O bildirib ki, Ermənistanı öz təsir dairəsində saxlamaq üçün Rusiyanın növbəti həmlələri daha qanlı və acımasız ola bilər:
"Bu baxımdan həm Ermənistan, həm də digər Qafqaz dövlətləri hər cür neqativ ssenarilərə hazır olmalıdırlar".
Elçin Ağamalı qeyd edib ki, 2020 və 2022 -ci illərdə Qarabağ konfliktini geri dönüşü olmayan və triumfal şəkildə həll edən Azərbaycan bölgənin geosiyasi xəritəsinin yenidən formalaşmasının əsasını qoydu:
"SSRİ-nin dağılması mərhələsində Moskvanın təşkilatçılığı, ermənilərin iştirakı ilə yaradılan Qarabağ konflikti son 30 ildə Qafqaz regionunu təsir dairəsində saxlamaq üçün Rusiyanın müstəsna aləti idi. İki dövlət arasındakı münaqişə mənbəyinin ortadan qalxması ilə Rusiya Azərbaycana yeganə, Ermənistana isə əsas təsir alətindən birdəfəlik məhrum oldu. Bu seçkilər Ermənistan hökumətinin Azərbaycanın da dolayı vasitələrlə iştirakı, təsiri və dəstəyi ilə Rusiyanın təsir dairəsindən çıxmaq siyasətinə qarşı Moskvanın uğursuz cəhdi oldu. Məhz Azərbaycan və Türkiyə ilə yaxınlaşmanın vəd etdiyi təhlükəsizlik şərtləri mövcud Ermənistan hökumətinə hazırki xarici siyasi xətti inkişaf etdirmək imkanı yaratdı".
Süleyman












































