Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi: Türkiyənin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcı

Şuşa Bəyannaməsi: Türkiyənin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcı


“6 il əvvəl İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərin, bu tarixi zəfər nəticəsində regionda yaranmış yeni reallıqların həm regionun, həm də dünyanın bəzi dövlətləri tərəfindən qəbul edilməməsi, Cənubi Qafqazda yeni qarşıdurma yaratmağa yönəlik cəhdlər Azərbaycan və Türkiyəni qabaqlayıcı addımlar atmağa məcbur etdi. 2021-ci il, iyun ayının 15-də Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladığı Bəyannamə məhz buna xidmət edirdi. Tarixə Şuşa Bəyannaməsi kimi düşən bu sənəd Azərbaycan və Türkiyə dostluq-qardaşlığının dünyaya bir daha nümayişi olmaqla bərabər, həm də Cənubi Qafqazda yeni bir gərginlik yaratmaq istəyənlərə ünvanlanmış ismarıc idi”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O deyib ki, Şuşa Bəyannaməsinin imzalanmasına gətirib çıxaran ən mühüm hadisə İkinci Qarabağ Müharibəsi oldu:

“2020-ci ilin payızında baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etmiş və regionda yeni siyasi reallıq yaratmışdır. Müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və diplomatik dəstək iki ölkə arasındakı strateji münasibətlərin əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bəyannamənin məhz Şuşada imzalanması təsadüfi deyildi. Şuşa Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan şəhərlərdən biridir. Azərbaycanın musiqi, ədəbiyyat və incəsənət mərkəzlərindən biri olan Şuşa uzun illər ərzində ölkənin mədəni paytaxtı kimi tanınmışdır.

2020-ci il müharibəsində Şuşanın azad olunması hərbi və siyasi baxımdan həlledici hadisə hesab edilir. Şəhərin azad edilməsindən sonra müharibənin nəticələri faktiki olaraq müəyyənləşmiş və Azərbaycanın qələbəsi rəsmiləşmişdir. Buna görə də bəyannamənin Şuşada imzalanması yalnız diplomatik akt deyil, həm də Azərbaycanın suverenliyinin və tarixi ədalətin bərpasının simvolu kimi qəbul edilmişdir”.

Arzuman Muradlı qeyd edib ki, Şuşa Bəyannaməsi ilə qardaş Türkiyə Cənubi Qafqazda yaranmış sabitliyin əsas qarantörü olduğunu dünyaya bəyan etmiş oldu:

“Şuşa Bəyannaməsinin geosiyasi əhəmiyyəti ilk növbədə regionda yeni təhlükəsizlik sisteminin formalaşmasına təsiri ilə bağlıdır. Müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət Azərbaycan və Türkiyənin daha sıx koordinasiyasını zəruri etmişdir. Bəyannamə iki ölkənin hərbi əməkdaşlığını institusional əsaslara bağlayaraq regionda sabitliyin qorunmasına yönəlmiş mühüm mexanizm yaratmışdır. Bu sənəd həm də Azərbaycanın milli təhlükəsizlik strategiyasında Türkiyə faktorunun əhəmiyyətini artırmışdır”.

Politoloq onu da qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyənin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

“Uzun illər regionda əsas geosiyasi aktorlar arasında Rusiya, İran və Qərb dövlətləri mühüm rol oynasalar da, müharibədən sonra Türkiyənin təsiri daha da artmışdır. Bəyannamə Türkiyənin regionda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində iştirakını gücləndirmiş, onu Cənubi Qafqazın əsas aktorlarından birinə çevirmişdir”.

Süleyman
Xəbəri paylaş