
"Sərdar Berdiməhəmmədovun Bakıya səfəri Azərbaycan–Türkmənistan münasibətlərində son illər formalaşan müsbət dinamikanın məntiqi davamı olmaqla yanaşı, əməkdaşlığın prioritet istiqamətlərini daha aydın şəkildə müəyyənləşdirir".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, son illərdə Bakı ilə Aşqabad arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda baş tutan bu səfər Azərbaycan–Türkmənistan tərəfdaşlığının strateji məzmun qazandığını nümayiş etdirir:
"Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər göstərir ki, tərəflər münasibətləri yalnız ikitərəfli çərçivədə deyil, həm də regional əməkdaşlıq və geosiyasi proseslər kontekstində inkişaf etdirmək niyyətindədirlər.
Səfərin əsas nəticələrindən biri nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da gücləndirilməsi perspektividir. Hazırda Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların həcmi artır və bu prosesdə Azərbaycanla Türkmənistanın yerləşdiyi coğrafi mövqe xüsusi əhəmiyyət daşıyır. Türkmənistanın Xəzərin şərq sahilində, Azərbaycanın isə qərb sahilində yerləşməsi hər iki ölkəni Orta Dəhlizin vacib iştirakçısına çevirir. Bu baxımdan Bakı və Türkmənbaşı limanları arasında əməkdaşlığın genişlənməsi, tranzit daşımalarının artırılması və rəqəmsal logistika həllərinin tətbiqi regional ticarətin inkişafına əlavə təkan verə bilər".
Politoloq qeyd edib ki, enerji sektoru da əməkdaşlığın perspektivli istiqamətlərindən biri olaraq qalır:
"Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdən biridir və ixrac marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan isə enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün formalaşdırdığı infrastruktur və tranzit imkanları ilə seçilir. Bu səbəbdən tərəflər arasında enerji sahəsində koordinasiyanın güclənməsi gələcəkdə yeni regional layihələrin müzakirəsinə zəmin yarada bilər. Xüsusilə Xəzər regionunda enerji əməkdaşlığının dərinləşdirilməsi həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Səfərin diqqətçəkən tərəflərindən biri də humanitar və mədəni əlaqələrin inkişafına verilən önəmdir. Son dövrlərdə qarşılıqlı mədəniyyət günlərinin təşkili, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa layihələrinə maraq göstərməsi və Füzulidə məscid tikintisi təşəbbüsü iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir".
Yusif Bağırzadə bildirib ki, Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri Bakı ilə Aşqabad arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir:
"Bu səfər nəqliyyat, enerji, ticarət və humanitar sahələrdə yeni imkanlar açmaqla yanaşı, Azərbaycan və Türkmənistanın Xəzər regionunda və Türk dünyasında əməkdaşlığının daha da dərinləşəcəyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər".
Süleyman












































